EN

İcbari tibbi sığorta rəqəmsallaşır - MÜSAHİBƏ

Aynurə Əhmədova: Elektron seçim mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsal inteqrasiya və yeni klinikaların əlavə olunması sayəsində vətəndaşların tibbi xidmət seçimləri daha da genişlənəcək

İcbari tibbi sığorta sistemi ölkəmizdə səhiyyənin əlçatanlığını və keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən ən mühüm sosial islahatlardan biridir. Bu sistemin əhatə dairəsinin genişlənməsi və vətəndaşların tibbi xidmətlərdən bərabər və effektiv şəkildə yararlanması üçün aparılan maarifləndirmə və təşkilati tədbirlər xüsusi önəm daşıyır.

Bütün bu məsələlərlə bağlı suallarımızı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova cavablandırır.

 -Özəl tibb müəssisələri ilə əməkdaşlıq genişləndikcə vətəndaşların seçim imkanları necə dəyişəcək? Bu sahədə hansı yeni imkanlar təqdim olunacaq?

-İcbari tibbi sığorta ölkə üzrə tətbiq olunmağa başlayanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilkin mərhələdə 20 özəl klinika ilə müqavilə bağlamışdı. Zamanla vətəndaşların özəl sektora olan tələbatı və tibb müəssisələrinin infrastruktur potensialı nəzərə alınaraq həm paytaxtda, həm də regionlarda yeni müqavilələr imzalanmış, hazırda özəl tibb müəssisələrinin sayı 192-yə çatmışdır.

Gələcəkdə özəl tibb müəssisələri ilə əməkdaşlığın genişlənməsi vətəndaşlara daha çevik, rahat və keyfiyyətli tibbi xidmətlərə çıxış imkanı yaradacaq. Elektron seçim mexanizmlərinin təkmilləşdirilməsi, rəqəmsal inteqrasiya və yeni klinikaların əlavə olunması sayəsində vətəndaşların tibbi xidmət seçimləri daha da genişlənəcək. Bu isə pasiyent məmnuniyyətini artırmaqla yanaşı, göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verəcək.

 -Sığorta paketi gələcəkdə doğuşa hazırlıq kurslarını analar üçün təlimləri və psixoloji dəstək xidmətlərini əhatə edə bilərmi? 

-İcbari tibbi sığortanın ilkin tibbi-sanitariya yardımı çərçivəsində müxtəlif ilkin səhiyyə xidmətləri mövcuddur. Məsələn, ana südü ilə qidalanmaya dair məsləhətlərin verilməsi, sağlam həyat tərzi və yenidoğulmuşlara qulluq xidmətləri əks olunub. Eyni zamanda, əhali arasında sanitar maarifləndirmə işinin aparılması da bu xidmətlərin tərkib hissəsidir. Bundan əlavə, ilkin tibbi-sanitar müəssisələrinə müraciət edən şəxslərə ilkin psixoloji yardım da göstərilir.

Hazırda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi ilə bağlı Agentlik və TƏBİB birgə layihə həyata keçirir. Layihə çərçivəsində ilkin səhiyyə xidməti çərçivəsində göstəriləcək tibbi, profilaktik, maarifləndirmə xidmətlərinin çeşidinin, sayının, keyfiyyətinin  artırılması və bu sahəyə ayrılan maliyyə vəsaitlərinin xidmətlərin çeşidinə uyğun tənzimlənməsi planlaşdırılır. 

 -Gələcəkdə vətəndaşların xaricdə tibbi müalicəyə göndərilməsi prosesinin sığorta ilə əlaqələndirilməsi mümkündürmü?

 -Hazırda sığortaolunan vətəndaşlar Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutu və mərkəzlərində istifadə edə bilirlər. Əgər dövlət tibb müəssisələrində müvafiq tibbi xidməti göstərmək mümkün deyilsə, o zaman Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir.

Vətəndaşların xaricdə tibbi müalicəyə göndərilməsi məsələsi isə hazırda Səhiyyə Nazirliyi tərəfindən nizamlanır və bu proses birbaşa sığorta ilə əlaqələndirilmir.

 -İcbari tibbi sığorta çərçivəsində vətəndaşların tibbi xidmətlərdən istifadə zamanı qarşılaşdığı problemlərin (gözləmə müddətləri, xidmət keyfiyyəti, yönləndirmə mexanizmləri və s.) araşdırılması və operativ həlli üçün Agentlik tərəfindən hansı institusional və texniki mexanizmlər tətbiq edilir?

 -Bu məsələ Agentliyin prioritet istiqamətlərindən biridir. Vətəndaşların qarşılaşdığı çətinliklərin operativ həlli üçün bir neçə mexanizm tətbiq olunur. Əsas vasitələrdən biri 1542 Çağrı Mərkəzidir — buraya daxil olan şikayətlər operativ şəkildə qeydiyyata alınaraq müvafiq şöbələrə yönləndirilir. Bundan əlavə, vətəndaşlar its.gov.az portalı- zəng sifarişi, elektron müraciət, onlayn çat bölmələri və Agentliyin sosial media kanalları vasitəsilə də müraciətlərini elektron qaydada təqdim edə bilirlər. Bu sistem müraciətlərin izlənməsi və statistik təhlili üçün əlverişli imkan yaradır. Bundan əlavə, regional filiallarımızda vətəndaşlar birbaşa filial rəhbərləri ilə görüşərək problemlərini yerində bildirə bilirlər.

Bununla yanaşı, Agentlik tərəfindən TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində monitorinqlər aparılır. Monitorinqlər həm dövlət tibb müəssisələrində icbari tibbi sığorta proseslərinin təşkili, həm də göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi üzrə təşkil olunur. Monitorinq zamanı əsas götürülən meyarlar Xidmətlər Zərfindəki tibbi xidmətlərin təşkili, qəbul və qeydiyyat işinin tənzimlənməsi, kompüterlərin internetə çıxış imkanları, maddi-texniki bazanın mövcudluğu və digər məsələləri əhatə edir. Tibbi xidmətin keyfiyyəti dedikdə isə pasiyentlərin tibb müəssisəsinə edilmiş ilkin müraciətindən, onun elektron qeydiyyatından başlayaraq bütün müayinə və müalicə prosedurlarını özündə birləşdirən və hər mərhələsinə nəzarət tələb edən zəncirvari mexanizm əsas götürülür. Cari ilin ilk yarısında paytaxt üzrə TƏBİB-in tabeliyindəki 25 dövlət tibb müəssisəsində, regionlar üzrə isə 61 dövlət tibb müəssisəsində monitorinqlər həyata keçirilib.

Agentlik ictimai iştirakçılığı və şəffaflığı artırmaq məqsədilə “Açıq qapı” günləri və media-turlar təşkil edir, media və vətəndaş cəmiyyəti nümayəndələrini proseslərlə şəxsən tanış edir. Məqsədimiz vətəndaşların sığortadan rahat və maneəsiz şəkildə istifadə etməsini təmin etmək, xidmətlərin keyfiyyətini davamlı şəkildə artırmaqdır.

 -Vətəndaş müraciətlərinin statistik təhlili, cavablandırılması və ictimaiyyətlə paylaşılması hansı formalarda həyata keçirilir?

 -İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaş müraciətlərinin effektiv idarə olunmasına və operativ cavablandırılmasına xüsusi önəm verir. Bu proses sistemli yanaşma əsasında həyata keçirilir və müraciətlər kateqoriya, mövzu, forma və zaman üzrə təhlil olunur.

Vətəndaş müraciətləri məzmununa əsasən təkliflər, ərizələr və şikayətlər üzrə qruplaşdırılır. Bununla yanaşı, müraciətlərin aid olduğu mövzular üzrə – məsələn, səhiyyə xidməti, göndəriş prosesi və sair istiqamətlərdə də ayrıca təsnifat aparılır.

Müraciətlərin zaman üzrə təhlili də aparılır – aylıq, rüblük və illik hesabatlar hazırlanır. Gələn müraciətlərin formalarına görə də fərqləndirmə mövcuddur, yəni məktub, elektron poçt, “e-Tabib” platforması və sosial media vasitəsilə daxil olan müraciətlər ayrıca qeyd olunur.

Bütün rəsmi və yazılı müraciətlər elektron sənəd dövriyyəsi sistemi vasitəsilə qəbul edilir və qeydiyyata alınır. Bu sistem müraciətlərin operativ şəkildə aidiyyəti bölmələrə yönləndirilməsini və cavabların vaxtında hazırlanmasını təmin edir. Cavablandırma prosesində həm elektron məktub, həm də fiziki məktubla vətəndaşlara rəsmi cavablar göndərilir. Əgər müraciət təcili məlumatlandırmanı tələb edirsə, vətəndaş əvvəlcə telefon zəngi ilə ilkin məlumatlandırılır.

Bundan başqa, vətəndaşlar birbaşa Agentliyin regional filiallarına da müraciət edə və yerindəcə cavab ala bilirlər. Vətəndaşlarla birbaşa ünsiyyət üçün Agentliyin rəhbərliyinin qəbul günləri də təşkil olunur.

 -Vətəndaşların icbari tibbi sığorta sisteminin mahiyyəti, hüquqları və tibbi xidmətlərə çıxış imkanları barədə məlumatlandırılması istiqamətində Agentlik tərəfindən hansı maarifləndirici tədbirlər həyata keçirilir? Bu sahədə media ilə əməkdaşlıq və ictimaiyyətlə əlaqə necə qurulub?

-Agentlik tərəfindən əhalinin icbari tibbi sığorta sistemi haqqında məlumatlılıq səviyyəsinin artırılması istiqamətində sistemli və məqsədyönlü maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər vətəndaşların hüquqları, tibbi xidmətlərə çıxış imkanları və ümumilikdə sistemin mahiyyəti barədə dolğun və əlçatan məlumatın təmin olunmasına yönəlib.

Maarifləndirmə fəaliyyətləri media, sosial şəbəkələr, ictimai və təhsil müəssisələri ilə əməkdaşlıq əsasında geniş miqyasda aparılır. 2024-cü ilin II yarısında onlayn media, televiziya, radio və internet platformalarında 1406 məlumat yayımlanıb. Mediadan daxil olan 260 sorğunun 96%-i operativ cavablandırılıb, digərləri aidiyyəti üzrə yönləndirilib. Agentliyin sosial media hesablarında 1666 paylaşım edilib, 1718 istifadəçi sorğusu cavablandırılıb.

Maarifləndirmə tədbirləri həmçinin dövlət və qeyri-dövlət qurumlarında, orta və ali təhsil müəssisələrində, dini icmalarda təşkil olunub. Yalnız cari ilin birinci yarısında 143 tədbirdə (20-si Bakıda, 123-ü regionlarda) 8800-dən çox vətəndaş icbari tibbi sığorta haqqında məlumatlandırılıb.

Media və QHT nümayəndələrinin sistemlə daha yaxından tanışlığı üçün Pirallahı Tibb Mərkəzi və Qobustan RMX-na media-turlar təşkil olunub. Eyni zamanda, “1542” Çağrı Mərkəzində “Açıq qapı” günü keçirilib. Burada iştirakçılar zənglərin cavablandırılması prosesi ilə tanış olub və təqdim edilən yeni xidmətlər barədə məlumatlandırılıblar.

Media ilə əməkdaşlıq çərçivəsində ASAN Radioda "1 sual, 1 cavab" rubrikasında, ARB TV-də “Güvənli Sabah” verilişində (11 buraxılış), “Facebook” üzərindən “Sığorta vaxtı” (17 canlı yayım, 14-ü DOST TV ilə birgə), “Instagram” üzərindən “Sığorta xətti” (15 canlı yayım) vasitəsilə ictimaiyyətə məlumatlar təqdim olunub.

Bundan əlavə, Bakı Metropoliteninin 18 stansiyasında 40 lövhə, DOST mərkəzlərinin 21 monitorunda, Məşğulluq filialı və tibb müəssisələrindəki 706 monitorda maarifləndirici videoçarxlar yayımlanıb. Həmçinin icbari tibbi sığorta və sağlam həyat tərzinə dair 32 növ çap materialı hazırlanaraq paylanılıb.

-İcbari tibbi sığorta sistemində rəqəmsallaşma prosesi ilə bağlı hansı təkmilləşdirmə işləri aparılır?

 -Agentlik cari ildə rəqəmsallaşma sahəsində əhəmiyyətli addımlar atıb. Bu prosesin əsas məqsədi vətəndaşlara tibbi xidmətlərlə bağlı məlumatlara daha operativ və şəffaf çıxış imkanı yaratmaqdır.

Agentliyin rəsmi saytında texniki və funksional yeniliklər həyata keçirilib. Bu məqsədlə saytda “Tibb müəssisələrinin axtarış sistemi” bölməsi yenilənib. Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində göstərilən tibbi xidmətlər sistemə inteqrasiya edilib. Bu dəyişikliklə vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində müraciət edə biləcəkləri bütün dövlət tibb müəssisələrini vahid platforma üzərindən asanlıqla axtarıb tapa bilirlər.

Həmçinin “e-Tabib” mobil tətbiqi yenilənib. Hazırda istifadəçilər göstərilən tibbi xidmətləri qiymətləndirmək üçün məmnuniyyət sorğularında iştirak edə bilirlər. Tətbiqə “Xəbərlər”, “Maarifləndirici hekayələr” və “Sağlam hamiləlik” kimi bölmələr də əlavə olunub ki, bu da məlumatlılıq və istifadəçi təcrübəsini artırır.

Eyi zamanda Agentliyin, TƏBİB-in və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü ilə “myGov” portalında “Tibb məlumatlarım” bölməsinə "Ailə həkimim", "Həkim müraciətlərim", "Laborator analiz nəticələrim", "Sağlamlıq haqqında tibbi arayış", "Sürücülük vəsiqəsi üçün tibbi arayış", "İnstrumental diaqnostik müayinə nəticələri" və "Tibbi göndərişlər" kimi məlumatlar inteqrasiya edilib. Məlumatları elektron (PDF) formatda yükləmək mümkündür. Bu isə vətəndaşların xəstəxanaya əlavə müraciət etmədən bütün tibbi məlumatlarını vahid platformadan izləməsinə şərait yaradır.

Bu rəqəmsal təkmilləşdirmələr nəticəsində tibbi məlumatlara çıxış daha çevik, şəffaf və vətəndaş yönümlü şəkildə təşkil olunub. Sistem həm səhiyyə xidmətlərinin monitorinqi, həm də vətəndaş məmnuniyyətini artırmaq baxımından böyük əhəmiyyət daşıyır.

 - Bəs, İcbari tibbi sığorta çərçivəsində ayrılan maliyyə vəsaitlərinin bölgüsü necə həyata keçirilir?

-İcbari tibbi sığorta fondunun büdcəsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilir. Fərmana əsasən, Fondun gəlir və xərcləri müəyyən edilir. İcbari tibbi sığorta çərçivəsində ayrılan vəsait əsasən Xidmətlər Zərfi çərçivəsində dövlət və özəl tibb müəssisələri tərəfindən təqdim edilən xidmətlərin dəyərinin ödənişinə və fondun büdcəsinin təsdiqi barədə Fərmandan irəli gələn digər məsələlərin maliyyələşdirilməsinə yönəldilir.

Yaqut Ağaşahqızı, “İki sahil”

Chosen
15
ikisahil.az

1Sources