EN

Nazir: Gürcüstanla Azərbaycan yüksək səviyyəli əməkdaşlığa nail olub

TBİLİSİ, 25 iyul. TELEQRAF

“Gürcüstanla Azərbaycan həqiqətən də ümumi maraqlara, iki ölkə arasında tarixi bağlara və dostluğa əsaslanan yüksək səviyyəli qarşılıqlı anlaşma və əməkdaşlığa nail olub”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze deyib.

Gənclər və idman naziri Fərid Qayıbovla birgə Qubada Azərbaycan-Gürcüstan gənclərinin yay düşərgəsinin üzvləri ilə görüşən G.Mikanadze iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə gənclər layihələrinin reallaşdırılmasının vacibliyini vurğulayıb.

Nazirin sözlərinə görə, düşərgənin təşkili Gürcüstanla Azərbaycan arasında möhkəm, ahəngdar və dostluq münasibətlərini bir daha təsdiqləyir.

“Əminəm ki, düşərgə tələbələr arasında əlaqələrin daha da dərinləşdirilməsinə böyük töhfə verəcək. Biz gənclərin birgə təhsil təşəbbüslərini fəal şəkildə həyata keçirməyə davam edəcəyik və digər müxtəlif layihələr kimi düşərgələr də sistematik xarakter alacaq”, - G.Mikanadze söyləyib.

Gürcü nazir səmərəli əməkdaşlığa görə F.Qayıbova təşəkkür edib. Onun sözlərinə görə, nümunəvi tərəfdaşlıq gələcəkdə də davam edəcək və tezliklə Gürcüstan gürcü və azərbaycanlı tələbələri qəbul edəcək.

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına əsasən, iyulun 22-də açılan gənclər düşərgəsi Quba ilə yanaşı Bakı və Sumqayıt şəhərlərini də əhatə edir. İyulun 27-də başa çatacaq düşərgəyə 90 tələbə qatılıb. Gürcüstan-Azərbaycan Gəncləri Həftəsinin proqramına ekskursiyalar, müxtəlif idman, maarifləndirici və mədəni tədbirlər, həmçinin gənclər forumu daxildir.

Chosen
110
29
teleqraf.com

10Sources