BAKI, 24 iyul. TELEQRAF
Azərbaycanda ağır cinayətlərdə ittiham olunan və Fransada yaşayan Məhəmməd Fazil oğlu Mirzəlinin barəsində olan cinayət işi üzrə qiyabi məhkəmə prosesi keçirilib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Göyçay Rayon Məhkəməsində hakim Gülnaz Qurbanovanın sədrlik etdiyi prosesdə qərar elan edilib.
Qeyd edək ki, bundan əvvəl M. Mirzəlinin barəsində cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb və təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Göyçay Rayon Məhkəməsinə göndərilib.
Bu məhkəmədə keçirilən prosesdə Cinayət Prosessual Məcəlləsinin 74.4-cü maddəsinə əsasən, cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.
Buna görə də M. Mirzəlinin barəsində olan Cinayət Məcəlləsinin 220.2 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi, odlu silahın, partlayıcı maddələrin və ya qurğuların tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) və 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə yenidən qaytarılıb.
Buna səbəb məhkəmə aidiyyətinə dair mübahisə olmadığından qarşılıqlı razılaşma əsasında qərar verilib.
Qeyd edək ki, M. Mirzəli ümumvətəndaş pasportundan istifadə etməklə 17 fevral 2016-cı ildə, saat 05:06-da “Şıxlı” sərhəd nəzarəti məntəqəsindən keçərək Azərbaycanı tərk edib.
Daha sonra müvəqqəti məskunlaşdığı Fransa Respublikası və digər xarici dövlətlərin ərazisində internet sosial şəbəkəsinin kənar şəxslərin sərbəst surətdə daxil olub tanış ola bildiyi “Youtube” internet kanalında “Mahammad Mirzali” adlı profilində 2018-ci ilin fevral ayının 6, 12, mart ayının 17, 20, 21, may ayının 24 və 25-i tarixlərində Azərbaycan dilində yerləşdirdiyi videolarda dövlət əleyinə çağırışlar səsləndirib.
Daha sonra o, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edib.
Bu ilin martında Azərbaycanın Baş Prokurorluğu Məhəmməd Fazil oğlu Mirzəlinin barəsində qiyabi icraat üzrə istintaq başlayıb.
Ona Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildirişlər göndərilib.
Lakin istintaqın qanuni çağırışlarına gəlməyib və buna görə də qiyabi icraat üzrə araşdırma davam edirilib.