EN

Kambocanın turizm naziri: İmzaladığımız memorandum Azərbaycanla əməkdaşlıq üçün yeni imkan açır

Pnompen, 23 iyul, AZƏRTAC

Azərbaycanla turizm sahəsində imzaladığımız Anlaşma Memorandumu iki ölkənin əməkdaşlığı üçün yeni imkan açır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Kambocanın turizm naziri Huot Hak deyib.

“Hər iki ölkənin zəngin tarixi və mədəni irsi, dini müxtəlifliyi, təbii gözəlliyi, rəngarəng mətbəxi xalqlarımızın qarşılıqlı turist səfərləri üçün cəlbedicidir. Biz dünyanın hər yerindən, o cümlədən Azərbaycandan gələn qonaqları ölkəmizdə qarşılamağa şad oluruq”, - deyə kambocalı nazir bildirib.

O, Kamboca ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından ötən 30 il ərzində iki ölkənin münasibətlərinin davamlı inkişaf yolu keçdiyini, bir çox sahədə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulduğunu bildirib.

Qeyd edək ki, xarici işlər naziri Elnur Məmmədovun Kambocaya səfəri çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədə əsasən, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirəcək, fərdi və qrup turist səfərlərini təşviq edəcək.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pnompen

Chosen
68
1
azertag.az

2Sources