EN

Qadınlar həyatı bəzədiyi kimi, tarixdə də fərqlənmişlər Tel­man Oru­cov yazır

525.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Telman ORUCOV

(Əvvəli ötən şənbə sayımızda)

Tomiris - Massaget çariçası

Tomiris massagetlərin məşhur çariçası olmaqla, tarixdə Persiya çarı Böyük Kiri (Sirusu) məğlub edən sərkərdə kimi tanınmışdır. Lakin onun real mövcudluğuna çətin inanılırdı.

Tomiris sak-massagetlərin hökmdarı olmaqla, b.e.ə. 575-525-ci illərdə hakimiyyətdə olmuşdur. Bu qadının hərbi hakimiyyətlərini tarixin atası Herodot təsvir etmişdi. Herodota görə, Tomiris çar Sparqapisin ailəsində doğulub dünyaya gəlmişdi. Doğum vaxtı anası öldüyündən, onu atası tərbiyə etmişdi. O, qızını bacarıqlı döyüşçü və özünü ləyaqətlə əvəz edəcək bir varis kimi böyütmüşdü.

Tomiris uşaq vaxtından hərbçi sənətinə xas olan xüsusiyyətlərə yiyələnmiş, fəndləri öyrənmişdi. Beş yaşı olanda çox yaxşı at çapmağı bacarırdı, bir il sonra isə artıq döyüş qılıncını işlətməyə başlamışdı. 13 yaşında isə gələcək çariça hər iki əli ilə yayın oxunu ata bilirdi, vuruş səhnəsinə əsl döyüşçü kimi qılınc və nizə ilə girirdi.

Tomiris kəskin ağlı, güclü iradəsi və təbii cazibədarlığı ilə seçilirdi. O, istənilən igid massaget döyüşçüsü üçün arzu edilən gəlin ola bilərdi. Lakin o, qonşu tayfanın çarının oğlu Rustamı öz əri olmaq üçün seçdi. Atası öldükdən sonra isə massagetlərə hökmranlıq etdi. Əri güclü döyüşçü olsa da, Tomirisin ambisiyalarını bəyənmirdi, onlara şübhə ilə baxırdı. Bu adam arvadını dəstəkləmək əvəzinə, daha çox eyş-işrətlə məşğul olurdu. Ona görə də yalnız Rustam öləndən sonra, Tomiris öz yüksək niyyətlərini həyata keçirə bildi.

Çariçanın Rustamdan oğlu olmuşdu. Lakin o, ehtiyat hissini itirdiyindən, persiyalıları qurduğu tələnin qurbanı oldu. Onun səhv hərəkəti döyüşçüləri ilə birlikdə özünün həlak olması ilə nəticələndi.

Tomirisin hökmranlığı dövründə ən mühüm hadisə Persiyanın məşhur çarı və sərkərdəsi Böyük Kir üzərində çalınmış qələbə idi. Əvvəllər Persiya çarı Tomirisə öz müttəfiqi kimi baxırdı və həm də bu xoş münasibətdən öz imperiyasının ərazisini böyütmək üçün istifadə etmək istəyirdi. Digər tərəfdən, o, Massaget döyüşçülərini də öz ordusunda xidmətə cəlb edə bilərdi. Lakin yad çara itaət etməyi bacarmayan Tomiris onun planlarını pozdu, hətta dünyanı fəth edən çarın ona ərə getmək təklifini də rədd etdi.

Çariçanın ona qarşı olan müqavimətinə cavab olaraq, Kir Massaget döyüşçüləri üçün tələ qurdu və bu tələyə Tomirisin oğlu Sparqapis də düşdü. Pers döyüşçüləri massagetlərin yaxınlaşdığını görüb, hiyləgərliklə düşərgələrini tərk etdilər. Sparqapis gecə vaxtı düşərgəyə hücum edəndə, müqavimət görmədiyindən güman etdi ki, perslər qorxudan qaçmışlar. Bu vəziyyət isə qələbə sevinci yaradır. Sparqapisin özü və döyüşçüləri burada düşmənin qoyduğu bol şərabı içib, kefləndilər. Şərab həm də zəhərli imiş. Atasının şəraba olan meyli yəqin ki, oğluna da keçmişdi. Perslər qayıdıb, yatmış sərxoş döyüşçüləri öldürdülər. Sparqapis isə əsir götürülənlərin arasında idi. O, bu həqarətə dözməyib özünü öldürdü.

Çariça oğlunun ölümünü deyil, əsir düşdüyünü eşitdikdə, göndərdiyi qasidlə, Kirdən oğlunun azad edilməsini tələb etdi. Əgər Persiya çarı razılaşmasa, Tomiris ona öz hədəsini də çatdırdı. Qızğın döyüşün, ölüm-dirim mübarizəsinin gedəcəyi labüd idi.

Hiddətlənmiş çariça təkcə massagetləri deyil, digər sak tayfalarını da ələ qılınc götürməyə, silahlanmağa çağırmışdı. Oğlunun öldüyünü bildikdə isə o, perslərə hücum etməyi qərara aldı. Onun yığdığı qoşun persləri darmadağın etdi və Kirin özü də həlak oldu. Əfsanəyə görə, Tomiris məğlub edilərək, öldürülmüş Persiya çarının başını kəsməyi əmr etdi, onu insan qanı ilə dolu olan dəri kisəyə saldırıb dedi: "Sən qana susayırdın, perslərin çarı, indi doyana qədər onu iç".

Tomiris bacarıqlı sərkərdə qabiliyyətinə malik idi, yeni döyüş qaydaları tətbiq edirdi. Onun ağır süvari dəstəsi zirehli paltar geyinmiş atlılardan ibarət olmaqla, ilxının arxasında gizlənib, son ana qədər hücumlarını düşməndən gizlədə bilirdilər. Onun dövründə həm də çox sayda qadın döyüşçülərdən ibarət olan ordu da meydana gəldi. Onlardan çoxu döyüşdə heç də kişilərdən geri qalmırdı.

Tarixdəki amazonkalar qadın skif döyüşçüləri olduğundan, Tomirisin qadın ordusunu da əsl amazonka qoşunu saymaq olar.

Tomiris perslər üzərindəki qələbəsi ilə sak-massagetlərin əfsanəvi çariçasına çevrildi. Axı Persiya çarı II Kir əvvəlcə Lidiya çarı Krezi məğlub edib, Kiçik Asiyadakı bu dövlətin ərazisini işğal etmişdi. Sonralar isə o, Yeni Babilistanı işğal edib, yəhudiləri Babil əsirliyindən azad etmişdi. Kir Persiya ərazisini xeyli böyüdərək, Şərqdə nəhəng imperiya yaratmışdı.

Tomiris bu qələbə hesabına çox sayda köçəri tayfalarını birləşdirməyi bacarmışdı. O, həm də öz xalqının, yadelli başçının itaətinə düşməsinə imkan verməmiş, onun azadlığını qoruyub saxlamışdı. Nomad tayfaları birləşdirmək, heç də asan məsələ deyildi, onları çox şeylər ayırırdı. Tomirisin bu təcrübəsi unudulmadı, birbaşa əxz olunmasa da, tarixdə sonrakı dövrlərdə də təkrar olundu. XIII əsrin əvvəllərində Çingizxanın nəhəng ordusu təkcə monqollardan ibarət deyildi, döyüşçülər arasında başqa xalqların nümayəndələri də heç də az deyildi. Çingizxan ordusunu yaratmaq vasitəsilə həm də köçəri xalqları birləşdirmişdi. Karfagenli Hannibalın ordusunda olduğu kimi, döyüşçülər ayrı-ayrı dildə danışır, başqa dinlərə sitayiş edirdilər, ancaq onları ordudakı xidmət birləşdirmişdi. Çingizxan ordusu köçəri xalqların toplumundan ibarət olan yeni Monqolustanın böyük ərazilərini əhatə etməklə, həm də o vaxtkı dünyanın üçdə birini özündə birləşdirən imperiya yaratmışdı.

Tomirisə gəldikdə, bu qadın tarixin səhifələrini bəzəyir, çünki o, azadlığın və sərkərdəlik etdiyi ordusunun sarsılmazlığına və qələbələrinə görə izi silinməyən bir simvola çevrilmişdi.

Kleopatra - Misir şahzadəsi

VII Kleopatra Filipator b.e.ə. 69-cu ildə anadan olmuş, 10 avqust 30-cu ildə ölmüşdü. Kleopatra 22 il ərzində Misirə hökmranlıq etməklə, əvvəlki çar XII Ptolomeyin qızı idi. Yuli Sezarla və Mark Antoni ilə sevgi əlaqələrində olmuş, birincidən Sezarion adlı oğlu, sonrakı məşuqu Antonidən isə iki oğlu və qızı olmuşdu.

Kleopatra haqqında Plutarx, Svetoni və digər tarixçilər, yəhudi alimi İosif Flavi yazmışdı. Onların rəyinə görə, Oktavian Misiri işğal edəndən sonra onu qaralamağa başlamışdı, çünki bu qadını o, Roma üçün təhlükəli düşmən hesab edirdi. Lakin tarixçilərin çoxu Kleopatranın şəxsiyyətini müsbət çalarda təsvir edir. İki min il ərzində bu qadının şöhrəti qorunub saxlanmış, XX əsrdə isə yaranan eyni adlı amerikan filmi isə onu daha da məşhurlaşdırmışdı.

Kleopatra Ptolomeyin çarlığının 12-ci ilində Aleksandriyada dünyaya gəlmişdi. O, çarın üç qızından biri idi, lakin onun uşaqlığı barədə heç nə məlum deyildir. Atası XII Ptolomey Romanın Suriyadakı valisi Qabinin təsiri ilə ölkəsində qırğınlara, təqiblərə və qətllərə əl atdı. O, Misirdə olan romalıların hesabına marionetkaya çevrildi.

Kleopatra da atasının hakimiyyət üsulundan dərs alıb, öz qarşısında dayanan bütün əleyhdarlarından xilas olmaq üçün vasitələr seçməkdə zəiflik göstərmirdi, öz qardaşı XIV Ptolomeyi də və sonralar isə bacısı IV Arsinoyu da məhv etmişdi.

Tarixçilər onun portretində fiziki sifət cizgilərini ideallaşdırsalar da, bu barədə dəqiq bir xatirə yoxdur. Ölümündən əvvəl ona qoyulan büst heç də uşaqlığındakı büstünə bənzəmirdi. Sonrakı büstdə reallığa məhəl qoyulmadan, o, klassik bir sifətdə təsvir edilir. İri gözləri olan bu qadın, həm də iri buxağa malik idi, burnu isə qartal dimdiyinə bənzəyirdi, bunlar da onun irsi xüsusiyyətləri ilə əlaqədar idi. Digər tərəfdən o, qeyri-adi məlahəti, cazibədarlığı ilə seçilirdi, bunlardan isə xoşa gəlmək üçün ustalıqla istifadə edirdi. Onun heyranedici səsini və iti ağlını, romalı yunan tarixçisi Plutarx xüsusi qeyd edir, axı o, çariçanın portretlərini şəxsən görmüşdü. Tarixçi həm də çariça ilə  Mark Antoninin sevgisini ayrıca əsərində böyük ustalıqla və təfsilatı ilə təsvir edir.

Yunanlar öz qızlarına hətta çar ailəsində də yaxşı təhsil verirdilər, bu isə onlardakı təbii ağılın üstünə gəlməklə, gözəl nəticələr verirdi. Ona görə də Kleopatra sonralar əla çariça oldu, o, doğma yunan dilindən başqa, Misir dillərini, qədim yəhudi dilini və berberlərin dilini yaxşı bilirdi. Ona xas olan linqvistik tələbatı latın dilini öyrənməkdən də kənarda qalmamışdı. Ondan fərqli olaraq maariflənmiş romalılar bu xüsusiyyətləri ilə öyünə bilməzdilər, məsələn, Yuli Sezarın özü yunan dilini yaxşı bilmirdi.

B.e.ə. 51-ci ildə XII Ptolomeyin vəsiyyətinə görə, taxt-taca Kleopatranın kiçik qardaşı XIII Ptolomey keçməli idi, bu vaxt onun 9 yaşı var idi, həm də ənənəyə görə, bacısı ilə formal nikahda idi. Qədim Misir adətinə görə, qardaş bacıya evlənməli idi, bu yolla faraonların təmiz qanı qorunub saxlanılırdı. Kleopatranın 18 yaşı var idi, qardaşı olan ərindən yaşca böyük olduğundan regentə çevrilmişdi. Ona görə də Kleopatra təkbaşına hökmranlıq edirdi. Lakin sonra yevnüx Potinin köməyi ilə qardaşı revanş götürə bildi. B.e.ə. 50-ci ildən onun adı birinci yerdə çəkilirdi. 48-ci ildə isə Kleopatra sürgünə qaçdı, qardaşı onun ölkəyə gəlməsinə mane olurdu. Pompeyin Farsal döyüşündəki məğlubiyyətdən sonra Misirə qaçması və orada Potin tərəfindən öldürülməsi, onun taleyi üçün dönüş nöqtəsi oldu.

Sezar Aleksandriyaya gələndə, Kleopatra onun yanına emissarlar göndərdi. Sonra özü Misirə gəldi ki, romalı sərkərdəni görsün. O, cazibədar bir qaydada geyinmişdi, çarpayı kisəsinin içində gizlənmişdi ki, Sezarla görüşmək üçün saraya girə bilsin. XIII Ptolomey biləndə ki, bacısı saraydadır, Aleksandriya əhalisini ayağa qaldırmaq istədi, lakin Sezar tərəfindən həbs edildi. Bu vaxt Roma ordusu 4 min nəfərdən ibarət idi. Misirin ordusu isə 20 min nəfərlik idi. Sezarla Kleopatraya paytaxtda hücum edildi. Sezar başqa döyüşlərdə olduğu kimi, yenə qalib gəldi.

 Kleopatra sonrakı hadisələrdən artıq kənarda idi. Sezardan hamilə olduğuna görə, 48-ci ilin sentyabrından sarayda yaşayırdı. Sezar isə bir il davam edən diktatura qurdu. 12 yaşlı XIV Ptolomeyi 22 yaşlı Kleopatra ilə birlikdə həmçar təyin etdi.

Sezar b.e.ə. 47-ci ilin aprelində Misiri tərk etdi. VI Mitridat Yevpatorun oğlu çar Farnakı Pontda məğlub etdi. Kleopatradan həmin il oğlu olduqdan sonra Sezar, görkəmli Roma qadını olan Kalpurniyaya evləndi. Kleopatranın Sezardan olan oğlu Sezarion adlandırıldı. Romalı onu öz oğlu kimi etiraf etməsə də, özəl qaydada himayə göstərməklə, ona valideynlik edirdi.

Kleopatra və XIV Ptolomey b.e.ə. 46-cı ildə Romaya səfər etdilər. Onlar Sezarın villasında qalırdılar. Roma xalqının dostları adlanırdılar. Çariça Romadakı Luperkala bayramında iştirak etdi. 44-cü ilin martında Sezar Senatda öldürüldükdə, Kleopatranın arzusu puç oldu, o istəyirdi ki, atası bastard oğlu Sezarionu öz varisi elan etsin. Sezar isə buna getməyərək, özünün nəvə qohumu Oktavianı varis elan etmişdi.

(Ardı var)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
3
525.az

10Sources