Bakıda sevgilisinə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən şəxs həbs olunub. İstintaq zamanı məlum olub ki, təqsirləndirilən şəxs sevgilisinə söz verib ki, 30 min manat qarşılığında 2 milyon manat qazancı olan tenderin qalibi olacaqlar.
Moderator.az Musavat.com-a istinadən xəbər verir ki, daha əvvəl də iki dəfə dələduzluğa görə məhkumluq həyatı yaşamış 44 yaşlı Babək sevgi münasibətində olduğu Sevda (ad şərtidir) adlı qadına qarşı 120 min manatlıq dələduzluq etməkdə ittiham olunub.
O, nağd pul və qızılları alaraq sevgilisini aldatmaqda günahkar bilinir.
Bundan başqa, Babəkə qarşı qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə də ittiham irəli sürülüb. Buna səbəb Sevdanın ondan şikayət etməsinə görə onu döyməsi olub.
İstintaqla müəyyən edilib ki, Babək daha bir nəfərdən 5100 manat dəyərində təkər alaraq ödənişini etməyib.
Elan olunmuş ittihamla özünü təqsirli bilməyən Babək deyib ki, Sevda ilə sevgi münasibətləri olub. Borcları olduğu üçün Sevdadan pul istəyib. O, Sevdadan tender adı ilə pul almadığını, ondan borc istədiyini deyib. Həmçinin Sevdanı döyməsi ittihamını rədd edib.
Zərərçəkmiş Sevda dindirilən zaman deyib ki, Babəklə tanış olduqdan sonra aralarında sevgi münasibəti yaranıb. Birlikdə rayonlara istirahətə gediblər:
“Şəmkir rayonunda pomidor istixanası olduğunu, yeşik istehsalı sexi olduğunu demişdi. İlk vaxtlar Babək şirindilli, mehriban idi. Mənə tez-tez gül buketləri alırdı. Bir gün dedi ki, Şəmkirdə yol çəkilişi üçün tender var. Həmin tenderə görə 5 milyon ayrılacağını, yol çəkilişinə 3 milyon xərclənəcəyini, 2 milyon manat da xeyir qalacağını söylədi. Babək həmin tenderdə qalib olmaq üçün vəzifəli şəxslərə şirinlik vermək lazım olduğunu, amma pulu olmadığını dedi. Məndən pul istədi. Mən də qızıllarımı verdim. Verdiyim qızılları lombarda girov qoyub pul götürübmüş. Bir müddət keçəndən sonra aldadıldığımı hiss etdim. Tenderə görə pul verdiyi adamla məni də görüşdürməsini istədim, amma müxtəlif bəhanələr gətirdi. Qızılların taleyini soruşanda borclu olduğu şəxlərin pulunu qaytardığını dedi. Ondan şikayət edəcəyimi dedim. Ağlayaraq yalvardı ki, ondan şikayət etməyim. Sonra zənglərimə cavab vermədi. Məni aldatdığını biləndə polisə şikayət etdim. Polisə şikayət edəndən sonra yolumu kəsib məni döydü”.
Sevda ifadəsinə əlavə edib ki, Babəkin ona vurduğu ziyan 400 min manatdır. Lakin istintaq orqanı zərəri 120 min manat olaraq qeyd edib.
Babəkin ittiham olunduğu ikinci epizod üzrə müəyyən edilib ki, o, özünü nazirliklərdən birinin əməkdaşı kim təqdim edərək işlədiyi idarədəki maşınlara təkər lazım olduğunu deyib. Təkərləri sifarişlə əldə etdikdən sonra başqa şəxsə sataraq pulunu ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Babəkin törətdiyi cinayət əməllərinin sübuta yetirildiyi qənaətinə gəlib. Hökmə əsasən, Babək 8 il müddətinə azadlıqdan məhrum edilib.