EN

Şuşa Qlobal Media Forumunda sosial medianın təkamülünün ictimai etimada təsiri müzakirə olunub

“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumunda sonuncu panel sessiya “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” mövzusuna həsr olunub.

“TRT World” kanalının aparıcısı Mariam Zaidinin moderatorluğu ilə keçirilən panel müzakirədə ictimaiyyətlə əlaqələr üzrə baş müəllim, sosial media təlimçisi və tədqiqatçısı Dr. Karen Sutherland, Google və YouTube üzrə ekspert, “BlitzMetrics” şirkətinin Baş icraçı direktoru Dennis Yu, LinkedIn şirkətinin Avropa, Yaxın Şərq, Afrika və Latın Amerikası regionları üzrə ictimai sektor, səhiyyə sahəsi və qeyri-kommersiya satışlarının rəhbəri Seamus Clancy və TikTok/ByteDance şirkətinin Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustan üzrə ictimai siyasət və dövlət məsələləri şöbəsinin direktoru Serguei Sokolov tərəfindən sosial medianın siyasi və ictimai narrativlərin formalaşmasındakı rolu, cəmiyyətin mediaya olan inam və etimadının qorunub saxlanılması, rəqəmsal mühitdə məsuliyyətli davranışın təşviqi və etik standartların müəyyənləşdirilməsi, süni intellektin məzmun axınına təsiri, sosial media savadlılığı kimi məsələlər ətrafında geniş diskussiya aparılıb.

Diqqətə çatdırılıb ki, məlumat həcminin kəskin şəkildə çoxalması, bəzi hallarda istifadəçilərin aldadıcı və ya çaşdırıcı məzmunların yayılmasında iştirak etməsi və selektiv məzmun təklifləri informasiya mühitinin təhlükəsizliyinin təmin olunması üçün dövlət, cəmiyyət, media və rəqəmsal platformalar arasında əməkdaşlığın təkmilləşdirilməsini, münasibətlərin sistemli şəkildə qurulmasını zəruri edir. “Milyonlarla aktiv istifadəçisi olan və informasiya dövriyyəsində mühüm yer tutan rəqəmsal platformalar ictimai diskursu yönləndirərək yeni davranış modellərinin yaranmasına, həmçinin mediaya inam və etimadın formalaşmasına əhəmiyyətli təsir göstərir”, - deyə vurğulanıb.

1/4
Chosen
70
31
media.gov.az

10Sources