EN

Sergey Sokolov: “Tik-Tok” ənənəvi sosial media platformalarından tamamilə fərqlənir VİDEO

Şuşa, 21 iyul, Aytac Haqverdiyeva, Leyla Muradzadə, AZƏRTAC

“Tik-Tok” ənənəvi sosial media platformalarından tamamilə fərqlənir. Ənənəvi mediada və sosial platformalarda məzmun daha çox redaksiya xətti ilə yönləndirilir, yəni, istifadəçiyə nəyi görməli olduğu göstərilir. “Tik-Tok” isə əksinə, istifadəçilərin görmək istədikləri məzmun əsasında formalaşır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən “Sosial medianın təkamülü ictimai etimada necə təsir edir: Media savadlılığının əhatəsində” adlı paneldə “Tik-Tok”un Rusiya, Şərqi Avropa, Mərkəzi Asiya və Monqolustan regionları üzrə ictimai siyasət və dövlət məsələləri şöbəsinin direktoru Sergey Sokolov deyib.

O qeyd edib ki, “Tik-Tok”un alqoritmi fərqli işləyir. Burada istifadəçinin izləyici sayının çox olması vacib deyil, insanlar sıfır izləyici ilə belə milyonlarla baxış qazana bilərlər.

“Bu, yeni dövrün media anlayışını dəyişir. Artıq istifadəçi təkcə izləyici deyil, həm də aktiv iştirakçıdır, məzmun yaradan və paylaşandır. Müasir sahibkarlar, kiçik bizneslər və startaplar öz alıcılarını tapmaq üçün mediaya, xüsusilə “Tik-Tok” kimi dinamik platformalara üz tuturlar. Ancaq “Tik-Tok”un uğurlu istifadəsi üçün onun alqoritmik tələblərini və məzmun dinamikasını anlamaq vacibdir. Yəni, bu, sadəcə, video paylaşmaq deyil, doğru zamanda, doğru formatda və doğru auditoriyaya uyğun məzmun təqdim etmək deməkdir”, - deyə “Tik-Tok” platformasının nümayəndəsi bildirib.

 

Chosen
8
27
azertag.az

10Sources