EN

Media savadlılığı müzakirə edildi

Yazını böyüt
Yazını kiçilt

İyulun 21-də “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda 3-cü Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir.

Hafta.az xəbər verir ki, beynəlxalq xəbər aparıcısı və jurnalist Nadira Tudorun moderatorluğu ilə keçirilən paneldə “Media savadlılığı informasiya təhlükəsizliyinin təminatı kimi” mövzusu müzakirə olunub.

“TRT World” telekanalının müxbiri Jaffar Hasnain deyibi ki, media savadlılığı yalnız informasiyanı qəbul etmək deyil, eyni zamanda, onu qiymətləndirmək, mənbəsini araşdırmaq və etibarlılığını müəyyən etmək bacarığıdır. “Bunun üçün hər birimiz müxtəlif və mötəbər mənbələrə əsaslanmağı öyrənməliyik. Təəssüf ki, bu gün bir çox xəbər platforması dəqiqlik və etibarlılıq prinsipinə riayət etmir. Bunun fəsadlarını dəfələrlə görmüşük. Yanlış xəbərlər cəmiyyət arasında çaşqınlıq yaradır, ictimai rəyi manipulyasiya edir və hətta sosial qarşıdurmalara səbəb ola bilir. Bu halların qarşısını almağın yeganə yolu maariflənməkdir. Özümüzü və ətrafımızdakıları düzgün informasiya ilə təmin etmək, sosial mediadan şüurlu istifadə, hər paylaşımı yoxlamadan qəbul etməmək artıq zərurətə çevrilib”, – deyə Jaffar Hasnain bildirib.

Afrika İttifaqı İnkişaf Agentliyinin Kommunikasiya və təbliğat şöbəsinin rəhbəri Ziphora Maubane vurğulayıb ki, media savadlılığı, ilk növbədə, dövlət və özəl sektor rəhbərlərinin daşımalı olduğu məsuliyyətdir. Çünki informasiya siyasətinə təsir edən qərarlar təkcə fərdləri deyil, bütöv cəmiyyətləri formalaşdırır. Eyni zamanda, hər bir fərd bu savadlılığı qazanmalı və gündəlik həyatında tətbiq etməlidir.

“Media savadlılığı cəmiyyətə tənqidi düşünmə bacarığı qazandırır. İnsanlar eşitdiklərini və oxuduqlarını dərhal qəbul etməməli, onun doğruluğunu dəyərləndirməyi öyrənməlidirlər. Biz isə bu imkanların yaradılması üçün çalışmalıyıq. Bunun üçün isə, ilk növbədə, medianın müxtəlif sahələrə, siyasətə, iqtisadiyyata, təhsilə və gündəlik həyata olan təsirini dərk etməliyik. Media, sadəcə, informasiya ötürən vasitə deyil, həm də ictimai rəyin formalaşmasında aparıcı rola malikdir. Cəmiyyətin sağlam informasiya mühiti ilə təmin olunması üçün maarifləndirmə işləri gücləndirilməli və media savadlılığı bütün təbəqələrə aşılanmalıdır”, – deyə Ziphora Maubane əlavə edib.

Həmçinin oxuyun:

Saxta xəbərlərin gücü: bir cəmiyyət necə qütbləşdirilir?

Çin Media Qrupunun Avrasiya Bürosunun baş redaktorunun birinci müavini Vanq Delu öz çıxışında Prezident İlham Əliyevin fəaliyyətində səmərəlilik və strateji yanaşmanın olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti iki gün əvvəl jurnalistlərlə görüşü zamanı çox aktual suallara cavab verib. Qırx dörd günlük müharibədə qazanılan Zəfərdən sonra Qarabağın inkişafı üçün yeni bir yol açıldığını vurğulayan Vanq Delu azad edilən torpaqların nə dərəcədə bərpa olunduğunu burada keçirilən tədbirlər zamanı açıq şəkildə görüldüyünü diqqətə çatdırıb. O, ən son texnoloji fikirləri bölüşməyin önəmini, həmçinin media nümayəndələri ilə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd edib.

ADA Universitetinin Kommunikasiya və rəqəmsal media ixtisasının müəllimi Şəfəq Mehrəliyeva isə XXI əsrdə media savadlılığının ən az oxuma-yazma qədər vacib bacarıq olduğunu deyib: “Bu, iki əsas məqamı əhatə edir: birincisi, şərh vermə və mühakimə yürütmə qabiliyyətinin inkişafı; ikincisi isə tolerant yanaşma tərzidir. Əgər bu sahələrə diqqət yetirilsə, cəmiyyətdə daha sağlam və məhsuldar müzakirələrin şahidi ola bilərik”, – deyə Ş.Mehrəliyeva əlavə edib.

O qeyd edib ki, media tənqidi yanaşmaya önəm verməzsə, bu, daha çox istehzalı və qeyri-ciddi münasibətin formalaşmasına səbəb ola bilər. “İnsanlar adətən əldə etdikləri məhdud məlumatlara əsaslanaraq mediaya qarşı tənqidi mövqe sərgiləyirlər. Buna görə də jurnalistlər təqdim etdikləri məlumatları sorğulamalı, təhlil etməli və cəmiyyətə düzgün şəkildə çatdırmalıdırlar. Əks halda bu, xüsusilə gənclər arasında psixoloji gərginlik və sosial etimadsızlıq kimi problemlərə yol aça bilər”, – deyə Şəfəq Mehrəliyeva əlavə edib. O, medianın əsas vəzifələrindən birinin cəmiyyətdə tənqidi təfəkkürü aşılamaq olduğunu vurğulayaraq, məlumatların düzgün təhlil edilməməsinin yaratdığı problemlərə diqqət çəkib.

Panel işini müzakirələrlə davam etdirib.

i i i i i i i

Chosen
9
36
hafta.az

10Sources