İngiltərədə yerləşən bir evdə 40 ildən çoxdur toxunulmadan saxlanılan nadir “Ulduz müharibələri” (Star Wars) oyuncaqları aşkar olunub.
Kulis.az xəbər verir ki, orijinal qutularında qiymət etiketləri ilə birlikdə qorunub saxlanılan 21 ədəd oyuncaq bu ay hərraca çıxarılacaq.
Nadir kolleksiya əşyalarının ümumilikdə 6 min funt sterlinqə satılacağı proqnozlaşdırılır.
Oyuncaqlar 24 iyul tarixində Derbişayr bölgəsinin Etuoll şəhərində təşkil olunacaq hərracda təqdim ediləcək.
Qeyd edək ki, bu kolleksiya 1980-ci illərdə Lesterşirdə yerləşən "Palitoy" şirkəti tərəfindən istehsal olunub. Orijinal vəziyyətdə və zədəsiz qalmış bu oyuncaqlar kolleksiyaçılar üçün olduqca dəyərli hesab olunur.