EN

“Fənər” “Real”ın sabiq ulduzunu İstanbula dəvət etdi

“Fənərbaxça” sürpriz transfer edib.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi gənc seneqallı futbolçu Abdu Əziz Fall ilə beşillik müqavilə imzalandığını açıqlayıb. 18 yaşı fevralda tamam olan bu futbolçu Seneqalın 2-ci divizion təmsilçisi “Essamaye”də çıxış edirdi.

Çox güman, “Fənər” bu futbolçunu təcrübə toplaması üçün başqa bir kluba icarəyə veriləcək. Abdu Əziz Fallın peşəkar səviyyədə indiyə qədər neçə oyun keçirməsi barədə məlumat yoxdu. Mərkəz yarımmüdafiəçisi olan bu futbolçunun yalnız Seneqalın U-17 yığmasında 6 oyuna çıxaraq 1 qol vurması barədə məlumat var.

Təbii ki, Con Duranın ardından fanatlar “Fənər” rəhbərliyindən yenə önəmli və ciddi transferlər gözləyir. İddialara görə “sarı-lacivərdlilər” tanınmış ispaniyalı futbolçu Marko Asensionun keçidini bitirməyə yaxındı. 29 yaşlı futbolçu artıq görüntülü şəkildə İstanbulda onun üçün ayrılan evi də bəyənib.

Həllini gözləyən yeganə problem maaş məsələsidi. PSJ-də illik 12 milyon avro qazanan Asensio “Fənər”dən 9 milyon avroluq təklifin bir qədər də yüksəldilməsini istəyib. Klub isə onu danışıqlar üçün İstanbula dəvət edib. Tərəflər arasında hələlik tam şifahi anlaşma əldə olunmasa da, bu transferin baş tutma ehtimalı gündən-günə artır.

Qeyd edək ki, uzun illər “Real”da forma geyən və 2023-dən PSJ-yə məxsus olan Asensio ötən mövsümün ikinci dövrəsində icarə əsasında şərəfini qoruduğu “Aston Villa”da 21 rəsmi oyunda hesabına 8 qol, 1 məhsuldar ötürmə yazıb. Onun parislilərlə birillik müqaviləsi qalıb.

Bundan başqa, İngiltərənin “Tayms” nəşrinin iddiasına görə, “Fənər” “Arsenal”ın ulduzu Leandro Trossarla danışıqlarda ciddi irəliləyişə nail olub. Hətta üçillik anlaşma əldə olunduğu da deyilir. Digər tərəfdən, “Arsenal” müqaviləsinin son ilinə qədəm qoyan belçikalı futbolçuya yeni müqavilə təklif edib. İnsayder Fabritsio Romano isə istanbullulardan londonlulara rəsmi təklifin olmadığını bildirib.

Transfer dəyəri 22 milyon avro olan Trossar 2022-ci ildən “Arsenal”dadı. O, ötən mövsüm 56 rəsmi matçda iştirak edərək hesabına 10 qol, 10 məhsuldar ötürmə yazıb. “Fənər” “Əl-Hilal” fanatları ilə yola getməyən və Avropaya qayıtmaq arzusunda olan Malkomla da danışıqlar aparır. Braziliyalı ulduz hazırda “Əl-Hilal” rəhbərliyi ilə müqaviləsinin qarşılıqlı ləğvi ilə bağlı danışıq aparır. Ancaq Avropada ona maraq göstərən klub çoxdu.

Daha öncə “Bordo”, “Barselona” və “Zenit”də forma geyən “sambaçı” 2023-cü ildə 60 milyon avroya “Əl-Hilal”a transfer olunub. Onun Səudiyyə Ərəbistanında illik maaşı 11 milyon avrodu.

Chosen
59
43
football-plus.az

10Sources