BAKI, 20 iyul. TELEQRAF
"Cənab Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər,= Azərbaycan mediasının son illərdə keçdiyi inkişaf yolunun və qarşısında duran strateji vəzifələrin yüksək səviyyədə qiymətləndirilməsi kimi şərh oluna bilər".
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Teleqraf-a açıqlamasında bildirib.
Mediada yayımlanan təhlillərin digər ölkələrdə oxunması Azərbaycanın informasiya siyasətinin effektivliyinin göstəricisidir
Onun sözlərinə görə, Prezidentin çıxışı bir neçə mühüm məqamı əhatə edir və ilk növbədə ölkənin informasiya təhlükəsizliyi, beynəlxalq media mübarizəsi və milli maraqların müdafiəsi kontekstində dəyərləndirilməlidir: "Cənab Prezident qeyd edir ki, bu gün Azərbaycan mediası artıq yalnız yerli informasiya mənbəyi kimi deyil, beynəlxalq informasiya məkanında da tanınan və təhlil edilən bir faktordur. Bu, həm media orqanlarının fəaliyyətinin, həm də jurnalistlərin peşəkar hazırlığının artmasından xəbər verir".
Azərbaycan mediasının artan funksional rolu dövlətin ümumi təhlükəsizlik strategiyası ilə uzlaşır
V.Zifəroğlu qeyd edir ki, Prezident çıxışında Azərbaycan mediasının yalnız passiv müdafiəçi mövqeyində qalmadığını, eyni zamanda ehtiyac olduqda informasiya hücumlarına cavab verib, hətta hücuma keçdiyini vurğulayır: "Bu, informasiya müharibəsinin reallıqlarını nəzərə alaraq olduqca mühüm yanaşmadır. Dövlət maraqlarının qorunması media üçün yalnız vəzifə deyil, həm də milli məsuliyyətdir. Bu baxımdan Azərbaycan mediasının artan funksional rolu və fəal mövqeyi dövlətin ümumi təhlükəsizlik strategiyası ilə uzlaşır. Və təbii ki, peșəkar jurnalistlər olaraq bizim üzərimizə olduqca böyük vəzifə və məsuliyyət düşür.
Prezident xüsusi olaraq vurğulayır ki, medianın gücü onun əməkdaşlarındadır. Bu, jurnalistlərin peşəkarlığına, məsuliyyətinə və təşəbbüskarlığına ali səviyyədə verilən yüksək qiymətdir. Bu məqamda jurnalistlərin yalnız xəbərləri ötürən deyil, həm də ictimai rəy formalaşdıran, beynəlxalq platformalarda dövlətin mövqeyini əsaslandıran mütəxəssislər kimi yetişməsi təşviq olunur".
Onun sözlərinə görə, Prezidentin toxunduğu başqa bir əhəmiyyətli məsələ Qərb ictimai rəyinə təsir imkanlarıdır.
"Bu Azərbaycanın "soft power" – yəni yumşaq güc vasitələri ilə beynəlxalq aləmdə öz maraqlarını müdafiə etməsinin vacibliyinə işarədir. Bildiyimiz kimi media bu prosesdə ən mühüm və effektiv alətdir. Jurnalistlərin beynəlxalq əməkdaşlıqları, xarici dilli kontent istehsalı və strateji kommunikasiya bacarıqları bu baxımdan böyük önəm kəsb edir.
Cənab Prezident bildirir ki, informasiya müharibəsində Azərbaycanın media imkanları artmaqdadır. Lakin bu sahədə görüləsi işlər hələ də qalır. Bu, bir çağırış kimi də qəbul edilməlidir: Azərbaycanın informasiya təhlükəsizliyi üçün media quruluşlarımızın daha da gücləndirilməsi, təlim və texnoloji imkanlarının artırılması, dezinformasiyaya qarşı cavab mexanizmlərinin təkmilləşdirilməsi olduqca əhəmiyyətlidir".
Prezidentin verdiyi mesajlar media siyasətini formalaşdıran qurumlar üçün yol xəritəsidir
"Prezidentin çıxışı Azərbaycan mediasına olan etimadın, eyni zamanda ondan gözləntilərin ifadəsidir. Bu çıxış bir təşəkkür olduğu qədər də, gələcəyə yönəlik strateji hədəflərin göstəricisidir. Media artıq yalnız informasiya daşıyıcısı deyil, milli maraqların müdafiəçisi, beynəlxalq platformalarda Azərbaycanın haqq səsinin carçısıdır. Birmənalı șəkildə vurğulanmalıdır ki, Prezidentin bu mövzuda verdiyi mesajlar həm jurnalistlər, həm də media siyasətini formalaşdıran qurumlar üçün mühüm yol xəritəsidir", - V.Zifəroğlu qeyd edir.