EN

DAÜ və EDDE Global Bakıda təqdimat keçirdi– Azərbaycanlı gənclərə 80%-dək təqaüd imkanı

Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universiteti (DAÜ) və EDDE Global şirkətinin birgə təşkilatçılığı ilə Bakıda xaricdə təhsil mövzusunda genişmiqyaslı təqdimat tədbiri keçirilib. Editor.az xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən 100-ə yaxın aparıcı təhsil şirkətinin nümayəndələri iştirak ediblər.

Seminar çərçivəsində DAÜ-nün təqdimatı keçirilib, iştirakçılara universitetin geniş təqaüd imkanları, akademik proqramları və tələbə həyatı barədə ətraflı məlumat verilib. Xüsusilə universitetin 80 faizədək təqaüd şərtləri, Marmara Universiteti ilə birgə tibb proqramı, Sağlıq Bilimləri Universiteti ilə ortaq diş həkimliyi proqramı, həmçinin Şimali Kipr Türk Respublikası, yataqxana şəraiti və şəhər həyatı barədə təqdimatlar diqqət çəkib.

Tədbirdə çıxış edən DAÜ-nün rektor koordinatoru dos. dr. Tolga Çelik bildirib ki, Şimali Kiprdə yerləşən və beynəlxalq akkreditasiyalara malik yeganə dövlət universiteti olaraq DAÜ Azərbaycanla strateji əməkdaşlığı dərinləşdirməyə xüsusi önəm verir.

“Qardaş Azərbaycan torpağında olmaqdan böyük qürur duyuruq. EDDE Global ilə birlikdə 100-dən çox təhsil məsləhətçisinin iştirakı ilə məhsuldar bir seminar keçirdik. Bu təşəbbüs yalnız tələbə cəlbi ilə məhdudlaşmır – eyni zamanda ortaq mədəni dəyərlər və vizyonun birləşməsinə xidmət edir. Hədəfimiz növbəti illərdə 2000-dən çox azərbaycanlı gənci universitetimizdə görməkdir”, – deyə Çelik qeyd edib.

DAÜ-nün Tanıtım Müşaviri dos. dr. Emrah Öney isə universitetin beynəlxalq səviyyədə tanınmış təhsil keyfiyyəti ilə regionda daha da güclənmək niyyətində olduğunu bildirib.

“Azərbaycan bazarında güclü tərəfdaşlıq əlaqələrinin qurulması bizim üçün strateji əhəmiyyət daşıyır. Təhsil məsləhətçilərinin DAÜ haqqında ətraflı məlumatlandırılması, tələbələrə dəqiq istiqamət verməyə yardımçı olacaq. Universitetimizin qapıları Azərbaycan gəncliyinə hər zaman açıqdır”, – deyə Öney vurğulayıb.

Tədbirdə çıxış edən EDDE Global şirkətinin direktoru Miryusif Cavadzadə DAÜ ilə qurulan əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, bu cür təşəbbüslər ölkədə xaricdə təhsil sahəsinin inkişafında mühüm rol oynayır.

“Şimali Kiprin qüruru olan DAÜ ilə Azərbaycanlı təhsil şirkətlərini bir araya gətirmək bizim üçün böyük fəxrdir. Universitetin ölkəmizdə təmsil olunması tələbələrin gələcəyinə ciddi töhfə verəcək. Xaricdə təhsil ekosisteminin inkişafı üçün bu cür tədbirlər olduqca vacibdir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Doğu Akdeniz Universiteti dünyanın nüfuzlu reytinq qurumları olan Times Higher Education və QS World University Rankings tərəfindən dünyanın ilk 600 universiteti arasında yer alır. Universitetin 27 beynəlxalq akkreditasiyası mövcuddur ki, bu da onun qlobal təhsil məkanında mövqeyini daha da möhkəmləndirir.

//Editor.az

 

Chosen
31
editor.az

1Sources