Bəzi insanlar bazar ertəsi işə başlayarkən çox yorğun olurlar.
Onlar həftəsonundan sonra işə gələndə özlərini yorğun hiss edirlər və tam fokuslana bilmirlər. Buna bəzən “birinci gün yorğunluğu” da deyirlər. Üstəlik, bu proses bəzi şəxslərdə çox uzun illər ərzində davam edir. Maraqlıdır, buna səbəb nədir və ondan necə xilas olmaq olar?
Mövzu ilə bağlı psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, bazar ertəsi yorğunluğu hələ məktəb dövründən sıxıntılı gəlir:
“Şənbə və bazar istirahət edən uşaqların böyük əksəriyyəti bazar ertəsinə çox həvəssiz yanaşırlar. Çünki qarşıda məsuliyyət və rejim tələb edən 5 gün var. Bu düşüncə böyüdükcə yetkin şəxlərə keçə və ya keçməyə bilər. Əgər işimizi seviriksə, bu yorğunluq sadəcə fiziki cəhətdən bizə narahatlıq verər.
Əgər sevmədiyimiz işlə məşğuluqsa, həm fiziki, həm də psixi tükənmişlik halına sala bilər. İnsanlar işi də öz xoşlarına görə tez-tez dəyişə bilməz. Bu da bir reallıqdır. Yaxşı olar ki, belə olan halda başqa iş mühitinə keçirilsin, lakin alınmırsa, hazırkı problemlərə heç bir emosional çalar vermədən həll yollunu tapmaq lazımdır”.
Psixoloq qeyd edib ki, əgər işimizi seviriksə və heç bir depressiv hal bizi müşayiət etmirsə, eyni zamanda kollektivlə də münasibətimiz yaxşıdırsa, işdən ayrılmaq doğru seçim olmaz:
“Amma halsızlıq, enerji tükənmişliyi yaşayırıqsa, bu zaman terapevtlə əlaqə saxlamaq tövsiyə olunur. Üstəlik, qan analizi vermək də lazımdır. Çünki şəkərli diabet, böyrəküstü vəz problemləri, vitamin D, B12 çatışmazlığı, qan azlığı və s. kimi halların yaşanması mümkündür. Ona görə də tibbi müayinədən keçilsə yaxşı olar.
Nəzərə almaq lazımdır ki, səbəb tibb sahəsi üzrədirsə, psixoloji yardım faydasız qalar. Əgər orqanizm olaraq sağlamdır, iş mühitində problem olmamasına rəğmən, yenə də bazar ertəsi narahatlıq yaşanırsa, artıq psixoloji seanslara başlamaq lazımdır. Deməli, şəxsi motivasiya edən bir amil yoxdur, ya da neqativ düşüncələr şəxsi inkişafın və perspektivin qarşısını alır”.
Topics