EN

Azad sözün, milli maraqların və cəmiyyətin inkişafının aynası

22 iyul tarixi təkcə peşə bayramı deyil, həm də milli şüurun, azad sözün və cəmiyyətin maarifləndirilməsi ideyasının bayramıdır. 1875-ci ildə böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti ilə əsasları qoyulan milli mətbuatımız, bu gün artıq müasir, dinamik və təsirli informasiya məkanına çevrilib.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir.” Həqiqətən də, milli mətbuatımız daim xalqın yanında olmuş, onun azadlıq mübarizəsini dəstəkləmiş, milli ideyaların daşıyıcısına çevrilmişdir. “Əkinçi”dən başlayaraq “Molla Nəsrəddin”, “İrşad”, “Füyuzat” və digər nəşrlər cəmiyyətin maariflənməsi, hüquqların müdafiəsi və azad düşüncənin təşviqində əvəzsiz rol oynamışdır.

XX əsrin sonlarında Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra, mətbuat da yeni mərhələyə qədəm qoydu. Xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi Azərbaycan mətbuatı üçün tarixi addım oldu. Bu qərar medianın tam şəkildə azad fəaliyyətinə imkan yaratdı, jurnalistlərin daha sərbəst şəkildə informasiya yaymasına şərait yaratdı.

Hazırda ölkəmizdə yüzlərlə media orqanı fəaliyyət göstərir – gündəlik qəzetlər, xəbər agentlikləri, televiziya kanalları, onlayn platformalar və sosial media vasitəsilə yayımlanan xəbərlər cəmiyyətin informasiya ehtiyacını ödəyir. 

Prezident İlham Əliyev dəfələrlə mətbuatın roluna yüksək qiymət vermişdir: 

“Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”  Bu sözlər media nümayəndələrinə verilən etimadın və eyni zamanda, üzərlərinə düşən məsuliyyətin göstəricisidir.

Müasir dövrdə mətbuat yalnız xəbər yaymaq funksiyası daşımır, həm də cəmiyyətin maariflənməsi, dövlət və xalq arasında körpü rolunu oynayır. Media ictimai nəzarətin həyata keçirilməsində, ictimai rəyin formalaşmasında, milli dəyərlərin qorunmasında həlledici rol oynayır.

Eyni zamanda, qloballaşma və rəqəmsal texnologiyaların yayılması fonunda informasiya müharibələri, dezinformasiya və manipulyasiya riskləri də artır. Bu şəraitdə Azərbaycan mətbuatının əsas vəzifəsi – operativ, düzgün və qərəzsiz informasiya təqdim etmək, milli maraqları qorumaq və peşə etikası prinsiplərinə sadiq qalmaqdır.

Azərbaycan dövlətinin media siyasəti mətbuatın inkişafına sistemli dəstək verir. Prezident İlham Əliyevin tapşırığı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması, jurnalistlər üçün sosial layihələrin həyata keçirilməsi, media savadlılığının artırılması sahəsində ardıcıl addımlar atılır.

Həmçinin, son illər jurnalistlərin sosial rifahı, yaşayış şəraiti, təhsil imkanları da genişləndirilmişdir. Bu, dövlətin mətbuata verdiyi dəyərin və medianın cəmiyyət üçün strateji əhəmiyyət daşımasının bariz nümunəsidir.

22 İyul – Milli Mətbuat Günü xalqın səsinin, cəmiyyətin güzgüsünün, milli kimliyin və dövlətçiliyin təbliğatçısı olan mətbuat nümayəndələrinin peşə bayramıdır. 

Bu əlamətdar gündə bütün mətbuat işçilərini, jurnalistləri, redaktorları və informasiya cəbhəsində çalışan hər kəsi təbrik edirik! Sözün gücünə, azad fikrə və milli maraqlara xidmət edən Azərbaycan mətbuatı daim yüksək zirvələrdə olsun!

Yaşasın azad söz, yaşasın milli mətbuatımız! 

Zümrüd Əliyeva,
YAP Xətai rayon təşkilatının könüllüsü

Chosen
90
28
ikisahil.az

10Sources