EN

“8 noyabr” Elektrik Stansiyasının istismarından sonra şərti yanacaq sərfiyyatına qənaətin həcmi bəlli oldu

MİNGƏÇEVİR, 18 iyul. TELEQRAF

“8 noyabr” Elektrik Stansiyasının istismarından sonra şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120 qram azalmaqla 225 qram təşkil edir. Bununla da illik 1 milyard m3dək təbii qaza qənaət olunur, 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Faydalı iş əmsalı 17% artmaqla 38,5%-dən 55,5%-ə yüksəlir.

Teleqraf-ın Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteyner mal-material o cümlədən ümumilikdə Çindən 40 min kub metr həcmində 20000 ton çəkisində 4 ədəd Util Qazan, İtaliyadan ümumi çəkisi 3 min tondan çox olan 4 dəst qaz turbini və generatorlar gətirilib. “8 noyabr” Elektrik Stansiyasının ərazisində 15 min m3 –dən çox həcmdə svaylar vurulub, 7 200 ton metal konstruksiya işləri görülüb. Bu tikinti, quraşdırma işlərində İtaliya, Çin, İspaniya, Türkiyə və başqa ölkələrin mütəxəssisləri ilə yanaşı 2500 nəfər yerli mütəxəssis də çalışıb:

"Stansiyanın dayanıqlı qaz təchizatı üçün 10 km uzunluğunda 1000 mm diametrli borularla yeni qaz xətti inşa edilib, iki yeni qaz paylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb. “8 noyabr” Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları tam yenidən qurularaq genişləndirilib. Əlavə olaraq 65,6 km uzunluğunda 500 kV “Mingəçevir - Samux” ötürmə xətti inşa edilib və 500 kV-luq “Samux” yarımstansiyasında yenidənqurma işləri aparılıb.

Əlavə olaraq, “8 noyabr” Elektrik Stansiyasında ümumi effektivliyi artırmaq üçün “AzərEnerji” tərəfindən Mingəçevirdəki “Azərbaycan” İES-in mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib. Bu isə o deməkdir ki, artıq 7 və 8-ci bloklar qaz yandırmadan yeni quraşdırılan 1280 MVt-lıq 4 qaz turbinindən çıxan buxar hesabına işləyir və stansiyanın ümumi gücü 1880 MVt-a çatır.

Üstəlik yerli mühəndislərin yüksək səriştəsi nəticəsində 1880 MVt-dan başqa əlavə 90 MVt həcmində enerjinin istehsal edilməsinə də imkan yaranıb. Belə ki, yeni quraşdırılan 4 qaz turbininin util qazanlarından çıxan buxar 7 və 8 saylı turbinləri işlədir. Eyni zamanda artıq qalan izafi buxar Azərbaycan İES-in 6 cı blokuna ötürür.

Qeyd edək ki dünyanın bir çox ölkələrindəki analoqlarından fərqli olaraq bu stansiyanın inşasında bir neçə dəfə az vəsait sərf edilib.

Chosen
68
3
teleqraf.com

4Sources