Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə “Azərenerji” ASC ötən ay istismara verilən, ölkəmizdə öz növündə ən böyük və ən strateji obyektlərdən biri olan “8 Noyabr” Elektrik Stansiyasına mediatur təşkil edib.
Məqsəd media nümayəndələrini elektrik stansiyası ilə tanış etmək, onların energetika sektoru ilə bağlı bilgilərini artırmaq, milli mətbuatın yaranmasının ildönümünü enerji mərkəzi olan Mingəçevirdə qeyd etmək olub.
“8 Noyabr” Elektrik Stansiyasının xidmət rəisi Müşfiq Abuzərli bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ildə təməli qoyulan 1880 MVt-lıq stansiya rekord müddətdə, cəmi iki il ərzində tikilərək, 2025-ci il iyunun 24-də istismara verilib. Bu dövr ərzində stansiyanın inşası üçün xarici ölkələrdən gəmilərlə 1500-ə yaxın konteynerdə mal-material, o cümlədən Çindən 40 min kubmetr həcmində, 20 min ton çəkidə 4 ədəd util qazan, İtaliyadan ümumi çəkisi 3 min tondan çox olan 4 dəst qaz turbini və generatorlar gətirilib.
“8 Noyabr” Elektrik Stansiyasının ərazisində 15 min kubmetrdən çox svay vurulub, 7200 ton metal konstruksiya işləri görülüb. Bu tikinti-quraşdırma işlərində İtaliya, Çin, İspaniya, Türkiyə və başqa ölkələrin mütəxəssisləri ilə yanaşı, 2500 nəfər yerli mütəxəssis də çalışıb. Stansiyanın dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda 1000 mm diametrli borularla yeni qaz xətti inşa edilib, iki yeni qazpaylayıcı və tənzimləyici stansiya tikilib, müstəqil kompressor qurğuları quraşdırılıb”, - deyə xidmət rəisi vurğulayıb.
Müşfiq Abuzərli onu da diqqətə çatdırıb ki, “8 Noyabr” Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün “Azərbaycan” İES-in 500 və 330 kV-luq yarımstansiyaları tam yenidən qurularaq genişləndirilib. Əlavə olaraq 65,6 kilometr uzunluğunda 500 kV “Mingəçevir-Samux” ötürmə xətti inşa edilib və 500 kV-luq “Samux” yarımstansiyasında yenidənqurma işləri aparılıb: “8 Noyabr” Elektrik Stansiyasında ümumi effektivliyi artırmaq üçün “Azərenerji” tərəfindən Mingəçevirdəki “Azərbaycan” İES-in mövcud 7 və 8-ci enerji bloklarının buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib. Bu isə o deməkdir ki, artıq 7 və 8-ci bloklar qaz yandırmadan yeni quraşdırılan 1280 MVt-lıq 4 qaz turbinindən çıxan buxar hesabına işləyir və stansiyanın ümumi gücü 1880 MVt-a çatır. Üstəlik, yerli mühəndislərin yüksək səriştəsi nəticəsində 1880 MVt-dan başqa əlavə 90 MVt həcmində enerjinin istehsal edilməsinə də imkan yaranıb. Belə ki, yeni quraşdırılan 4 qaz turbininin util qazanlarından çıxan buxar 7 və 8 saylı turbinləri işlədir, eyni zamanda artıq qalan izafi buxarı Azərbaycan İES-in 6-cı blokuna ötürür”.
Xidmət rəisinin sözlərinə görə, yeni tikilən elektrik stansiyasının səmərəliliyi nəticəsində şərti yanacaq sərfiyyatı “Azərbaycan” İES-in digər blokları ilə müqayisədə 120 qram azalmaqla 225 qram təşkil edir. Bununla da illik 1 milyard kubmetrədək təbii qaza qənaət olunur, 2 milyon ton karbon qazının atmosferə atılmasının qarşısı alınır. Faydalı iş əmsalı 17 faiz artmaqla 38,5 faizdən 55,5 faizə yüksəlir. O da qeyd edilib ki, dünyanın bir çox ölkəsindəki analoqlarından fərqli olaraq bu stansiyanın inşasına bir neçə dəfə az vəsait sərf edilib.