EN

Müasir nəsrimizin Yunus Oğuz yolu

Ramiz Qusarçaylı

Yunus Oğuzu mənə doğmalaşdıran ən ümdə amillərdən biri müasir və mürəkkəb ədəbi məkanda bizim ruhdaş olmağımız, düşüncədaş olmağımız, sözdaş olmağımız, başlıcası isə vətənpərvər və əbədi tarixdaş olmağımızdır. Bu bağlılığın başında təbii ki, Yunus Oğuzun tarix fəlsəfəsinin türkçülük şüurundan, türk kimliyindən yol alan tarixi reallıqların, yazıçı təxəyyülündən doğan və bu reallıqların içindən boylanan ciddi hadisələrin və olayların, dramatik səhnələrin və baş obrazların kamil bədii təsvirini ustalıqla yarada bilmək bacarığı xüsusi yer tutur.

Bu ədəbi xəzinənin təməl daşlarını Yunus Oğuzun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasına yiyələnmasi, baş redaktor kimi milli mətbuatımızın inkişafındakı müstəsna xidmətləri, yüzlərlə elmi və publisistik məqalənin müəllifi olması və çoxşaxəli yaradıcılıq fəaliyyəti təşkil edir, eyni zamanda ədibin Böyük türk dünyası naminə göstərdiyi əməli işlər və əldə etdiyi uğurlar da bu xəzinəni bir az da  zənginləşdirir.

Bu baxımdan onun Azərbaycan və Özbəkistan  arasındakı ədəbi əlaqələrin inkişaf etdirilməsinə, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsinə verdiyi töhfələr təqdirəlayiqdir.

Elmi-tarixi qatlara baş vurmadan və hər dövrün özünəməxsus tarixi proseslərinə dərindən bələd olmadan müasir tarixi əsər yazmaq müşkül məsələ olduğunu dəqiq bilən Yunus Oğuzun tarixin qaranlıq hücrələrini qəlbinin və əqidəsinin işığıyla işiqlandırıb tarixi roman ənənəsinin yeni mərhələsinə qədəm qoymasını çox bəyənirəm. Türkiyə türkcəsinə çevrilib İstanbulda və İngilis dilinə çevrilib Londonda işıq üzü görən "Qızıl kəlmə" mükafatlı "Nadir şah" romanı mənim də ruhumun əsəridir. Üzərində beş ilə yaxın bir zaman sərf etdiyim  "Vətən" poemasında mən də Nadir Şah Əfşarı Yunus Oğuz kimi müasir bədii təfəkkürün həqiqət süzgəcindən keçirməyə çalışmışam. Bu süzgəcin təxəyyül mərkəzi tarixi əsər ənənələrinin yeni formada inkişaf istiqamətlərini müəyyən edir ki, əsas istiqamət yönü də Azərbaycan, Azərbaycançılıq və Azərbaycanşünaslıq səmti olur. Bu səmtin elmi-tarixi fəlsəfəsi və ictimai-siyasi mahiyyətli türkçülük və azərbaycançılıq ideyalarının monolit birliyində bərqərar olur.

Yunus Oğuzun "Nadir şah" tarixi romanı ilə yanaşı bir-birindən mükəmməl və müasir bədii təfəkkürün məhsulu olan,- iki cildlik "Əmir Teymur-zirvəyə doğru" və "Əmir Teymur-dünyanın hakimi", "Təhmasib şah", "Atabəy Eldəniz", "Attila", "Ovçu", "Səfəvi Şeyxi", "Şah arvadı və cadugər", "Sultan Alp Arslan" kimi tarixi romanları da nəsr tariximizin yeni və özünə məxsus mərhələsini müəyyənləşdirməyə yönəlib və bu missiyanı uğurla həyata keçirir. Yunus Oğuzun Zəfər savaşımızdan bəhs edən "Cığır" romanı, bir-birindən marağlı və məzmunlı pyesləri və digər əsərləri də müasir nəsr məkanımızın ayrılmaz hissəsi kimi əbədi yaşam dövrünə qədəm basmaqdadır.

Mən qüdrətli qələmdaşıma yeni və bənzərsiz ədəbi uğurlar diləyirəm.

16.07.2025

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
71
26
olaylar.az

10Sources