EN

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Çinin İKT sahəsində nəhəng korporasiyası olan “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə AzEdu.az-a BMU-dan məlumat verilib.

BMU-nun rektoru Yaqub Piriyev “Huawei” şirkətinin rəhbər heyətini universitetdə görməkdən məmnunluğunu bildirib. Rektor Çin və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərini önə çəkərək hər iki ölkə rəhbərliyinin apardığı uğurlu siyasət nəticəsində əlaqələrin daha da möhkəmləndiyini, həmçinin təhsil sahəsində əməkdaşlığın genişləndiyini vurğulayıb. Texnoloji çağda universitet-sənaye əməkdaşlığının əhəmiyyətinin artdığını deyən Yaqub Piriyev BMU ilə şirkət arasında əlaqələrin yaranmasını müsbət qiymətləndirib. Son zamanlar BMU-nun Çin ali məktəbləri ilə əməkdaşlığına dair mühüm görüşlərin keçirildiyini, razılaşmaların əldə olunduğunu söyləyən rektor beynəlxalq şirkətlərlə tərəfdaşlığın genişləndirilməsinin tədris prosesi, tələbələrin müvafiq sahələr üzrə peşəkar hazırlanmasına verdiyi töhfələri qeyd edib. Habelə mühəndislik və IT sahəsi üzrə ixtisaslaşan BMU-da keyfiyyətli tədris aparıldığını, universitetin tədqiqat potensialını, müasir laboratoriyaları və Texnoparkının imkanlarını diqqətə çatdırıb.

“Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə vitse-prezidenti Angela Lin öz növbəsində BMU ilə tanışlığın və yaranan əməkdaşlıq imkanlarının məmnunluq doğurduğunu bildirib. Şirkət haqqında məlumat verən vitse-prezident görüşün BMU-“Huawei” arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Angela Lin BMU rəhbərliyini şirkətin təşəbbüsü ilə gələn ay Çinə təşkil olunacaq “Rektorların nümayəndə heyətinin səfəri”ndə iştiraka dəvət edib. Bildirib ki, bu səfər zamanı təhsilin rəqəmsallaşması istiqamətində yeniliklər öyrəniləcək. Çindəki rəqəmsal transformasiya prosesləri ilə yaxından tanışlıq fürsəti yaradacaq bu səfər çərçivəsində, eyni zamanda “Huawei” şirkətinin dünya üzrə lider olan İKT texnologiyaları barədə ətraflı məlumat əldə ediləcək.

Sonra tərəflər arasında informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması, tədris və infrastrukturun inkişafına yönəlmiş birgə layihələrin icrası məsələləri müzakirə olunub.

Chosen
10
1
azedu.az

2Sources