İtaliyanın Baş naziri Corcia Meloni iyulun 17-də verdiyi bəyanatda İsrailin Qəzzaya endirdiyi hava zərbələri zamanı Müqəddəs Ailə kilsəsinin hədəf alındığını bildirib.
“İsrail Qəzzaya təşkil etdiyi hücum zamanı Müqəddəs Ailə kilsəsini də vurub. Aylardır mülki şəxslərə qarşı davam edən hücumlar qəbuledilməzdir. Heç bir hərbi əməliyyat bu cür davranışa haqq qazandıra bilməz,” – deyə Corcia Meloni bildirib.
İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, hücum nəticəsində iki qadın həlak olub, altı nəfər isə ağır yaralanıb. Kilsənin keşişi Qabriele Romanellinin ayaqlarından yüngül xəsarət aldığı bildirilib.
Hücum bölgədəki yeganə katolik kilsəsinə ciddi ziyan vurub. Vatikan hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb. İsrail ordusu isə məsələ ilə bağlı araşdırmaya başladığını açıqlayıb.