Onmərtəbəli bina ölçüsündə olan asteroid yüksək sürətlə Yer kürəsinin yanından keçəcək.
Hafta.az xəbər verir ki, bu barədə "Metro" portalı NASA alimlərinə istinadla məlumat yayıb. "Nəhəng asteroid Yer kürəsinin yanından keçmək üzrədir və o, çox yaxında olacaq", - deyə nəşr yazıb.
NASA kosmik cismi "2022 YS5" adlandırıb. Asteroidin iyulun 17-də təxminən 22,53 km/saniyə sürətlə Yerin yanından keçəcəyi gözlənilir.
"Amerika Kosmik Agentliyi həmçinin bildirib ki, asteroidin diametri təxminən 36 metrdir və bu da onmərtəbəli binanın ölçüsü ilə müqayisə oluna bilər. Bu, kosmik cismi təhlükə yarada biləcək qədər təsiredici edir", - deyə NASA qeyd edib.
Alimlər vurğulayıblar ki, YS5 Yer kürəsindən təxminən 4 milyon kilometr məsafədən keçəcək. Bu isə kosmik ölçülərə görə kifayət qədər yaxın hesab olunur.
"Hətta böyük ölçüsünə baxmayaraq, onu planet üçün "potensial təhlükəli" kimi təsnif etmək üçün ölçüləri kifayət etmir", - NASA əlavə edib.
Kosmik agentlik izah edib ki, "potensial təhlükəli" təsnifatı yalnız asteroidin diametri 83 metrdən çox olduqda tətbiq edilir.