EN

Azərbaycan: Tolerantlıq və multikulturalizmin beşiyi

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Multikulturalizm, dini və milli tolerantlıq, müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgəyaşayış mədəniyyəti XXI əsr cəmiyyətlərinin dayanıqlı inkişafı üçün əsas şərtlərdəndir. Müxtəlif etnos və konfessiyaların dinc yanaşı yaşaması yalnız hüquqi mexanizmlərlə deyil, həm də tarix, mədəniyyət, təhsil və dövlət siyasəti ilə möhkəmləndirilən ictimai razılaşma və etimadla mümkündür. 

Tolerantlıq - fərqli düşüncələrə, dinlərə, irqlərə və mədəniyyətlərə dözümlü yanaşmaq, onları qəbul etmək və birgəyaşayışı təmin etmək deməkdir. Multikulturalizm isə bu müxtəlifliyi yalnız qəbul etməklə kifayətlənməyib, onu cəmiyyətin inkişafında müsbət gücə çevirməyi qarşıya məqsəd qoyan ictimai və siyasi yanaşmadır.

Birləşmiş Millətlər Təşkilatı tolerantlığı "başqalarının hüquq və azadlıqlarına hörmət əsasında sülh və qarşılıqlı anlaşma şəraitində yaşamaq bacarığı" kimi tanımlayır. Bugünkü dünyada qloballaşma ilə yanaşı, millətlər və dinlər arasında ziddiyyətlərin dərinləşməsi, etnik və dini motivli münaqişələrin artması müşahidə olunur. Bu reallıq tolerantlıq və multikulturalizmin cəmiyyətlər üçün sadəcə etik norma deyil, həm də strateji ehtiyac olduğunu göstərir. BMT-nin keçmiş Baş katibi Kofi Annan bu barədə belə deyirdi: "Tolerantlıq təkcə etik dəyər deyil. O, sülh, təhlükəsizlik və inkişaf üçün əsasdır."Azərbaycan bu çağırışlara cavab olaraq həm daxildə, həm də beynəlxalq müstəvidə dini və milli tolerantlığın inkişafına töhfə verən mühüm siyasət yürüdür. Bu siyasət tarixi irsə, hüquqi bazaya və ictimai dəyərlərə əsaslanır. Bu baxımdan, Azərbaycan Respublikası öz unikallığı ilə seçilən bir modeldir. Tarixən müxtəlif mədəniyyətlərin, dillərin və dinlərin qovuşduğu ərazi olan Azərbaycan, bu gün də milli və dini tolerantlığın nümunəvi modeli kimi tanınır. Azərbaycan qədim zamanlardan Şərqlə Qərbin kəsişməsində yerləşən mədəniyyətlərarası körpü olub. Burada müxtəlif xalqlar - albanlar, farslar, ərəbər, ruslar, yəhudilər, ermənilər, ləzgilər, avarlar, talışlar və başqaları əsrlər boyu birgə yaşamış, ortaq mədəni dəyərlər formalaşdırmışlar. Tarixçi Ziya Bünyadov yazırdı: "Azərbaycan əhalisi qədimdən din və irq fərqinə baxmadan birgəyaşayış mədəniyyətinə malik olmuş, bu isə milli varlığımızın güclü tərəfidir."

Şəki, Quba, Lahıc, Gəncə, Bakı kimi şəhərlər həm dini, həm də milli müxtəlifliyin ən gözəl nümunələrini təqdim edir. Məsələn: Qubadakı Qırmızı Qəsəbə dünyada yalnız yəhudilərin yaşadığı azsaylı yaşayış məntəqələrindən biridir; Alban-Udi xristianları öz dini ayinlərini azad şəkildə yerinə yetirirlər; Azərbaycanda orta əsr məscidləri, kilsələr və sineqoqlar eyni məhəllədə yerləşə bilər - bu, tarixən formalaşmış tolerantlığın göstəricisidir.

Hələ Alban dövlətinin dövründə (eramızın I əsrində) xristianlıq Azərbaycana yayılmış, Qafqaz Albaniyası kilsəsi formalaşmışdır. Daha sonralar isə İslam dininin gəlişi ilə bu inanc sistemi də ölkənin dini mənzərəsinə daxil olmuşdur.

XIX-XX əsrlərdə Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri - ruslar, ermənilər, yəhudilər, almanlar, ləzgilər, talışlar, kürdlər və başqaları sülh şəraitində yaşamış, şəhər və kənd mədəniyyətinə öz töhfələrini vermişlər.

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikası, çoxmillətli və çoxdinli cəmiyyətin hüquqlarını qorumağı dövlət siyasətinin əsas prinsiplərindən biri kimi qəbul etdi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi:

"Azərbaycan hər zaman multikultural dəyərlərin daşıyıcısı olub. Bizim üçün tolerantlıq bir siyasət deyil, həyat tərzidir."

Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Konstitusiyası, bütün vətəndaşların etnik mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu təsbit edir (Konstitusiya, maddə 25 və 48).

Azərbaycan dövləti milli və dini azlıqların hüquqlarının qorunması üçün müxtəlif qanunvericilik aktları və dövlət proqramları həyata keçirmişdir. Əsas hüquqi və institusional təminatlar bunlardır:

Dini Etiqad Azadlığı Haqqında Qanun (1992) - vətəndaşların dini etiqad azadlığını və dini icmaların qeydiyyatını təmin edir; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (2001) - dinlərarası dialoqu və dövlət-din münasibətlərini tənzimləyən əsas orqandır; Azərbaycan Respublikasında multikulturalizm ili (2016) - bu il Prezident sərəncamı ilə elan olunmuş və ölkə daxilində çoxsaylı tədbirlər, forumlar keçirilmişdir; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi - 2014-cü ildə yaradılan bu mərkəz Azərbaycanın multikultural dəyərlərinin təbliği ilə məşğuldur.

Azərbaycan əhalisi müxtəlif etnik qruplardan ibarətdir. Buraya azərbaycanlılarla yanaşı ləzgilər, talışlar, avarlar, ruslar, yəhudilər, saxurlar, tatlar, gürcülər və başqaları daxildir. BMT-nin və Avropa Şurasının hesabatlarında göstərilir ki, bu qrupların hüquqları qorunur, ana dillərində təhsil və informasiya alma imkanları vardır.

Dini müxtəliflik baxımından da Azərbaycan rəngarəngdir. Əhalinin böyük əksəriyyəti müsəlmandır (əsasən şiə və sünni məzhəbləri). Bununla yanaşı, ölkədə pravoslav və katolik xristianlar, yəhudilər (dağ yəhudiləri, aşkenaz və gürcü yəhudiləri), alban-udi icması və bəhai icmaları da fəaliyyət göstərir. Bakıdakı Pravoslav Kilsəsi, Katolik Kilsəsi, Dağ Yəhudiləri Sinaqoqu və Alban-udi məbədləri bu müxtəlifliyin bariz nümunələridir.

Azərbaycanın tolerantlıq və multikulturalizm modeli beynəlxalq səviyyədə də maraq doğurur. 2011-ci ildən başlayaraq Azərbaycan hökuməti Bakıda "Beynəlxalq Humanitar Forumu", 2016-cı ildən isə "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqlar təşkil edir. BMT, UNESCO, İSESCO, Avropa Şurası kimi təşkilatlar bu təşəbbüsləri yüksək qiymətləndirirlər.

2017-ci ildə BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən Azərbaycana xüsusi təşəkkür elan olunmuş, ölkənin bu sahədəki liderliyi qeyd edilmişdir.

BMT Baş katibi Antonio Quterreş:

"Azərbaycan müxtəliflik içində birliyi təmin edə bilmiş nadir ölkələrdəndir."

Azərbaycanın tolerantlıq siyasəti işğaldan azad olunmuş ərazilərdə də tətbiq olunur. Dövlət rəsmiləri dəfələrlə bildiriblər ki, erməni əsilli Azərbaycan vətəndaşları ölkənin qanunları çərçivəsində hüquqlara malik olacaqlar. Prezident İlham Əliyev bəyan etmişdir:

"Erməni əhalisi bizim vətəndaşlarımızdır. Onların hüquqları qorunacaq. Biz nifrət üzərində deyil, ədalət üzərində sülh istəyirik."

Bu, Azərbaycanın milli və dini tolerantlıq prinsipinə sadiqliyinin sübutudur.

Azərbaycan dövləti və cəmiyyəti dini və milli tolerantlığı yalnız qanunvericilik səviyyəsində deyil, həm də praktiki müstəvidə uğurla həyata keçirir. Tarixindən, mədəniyyətindən gələn bu dəyərlər dövlət siyasətinə çevrilmiş və beynəlxalq nümunəyə dönmüşdür. Azərbaycanın tolerantlıq modeli, multikultural dəyərlərin yaşadılması və təşviqi sahəsində dünya ölkələri üçün öyrənilməli bir təcrübədir. Bu model, həm regionda sabitliyin, həm də qlobal əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Səidə Ramazanova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
82
8
olaylar.az

10Sources