Şahin Diniyev: “Gəlin, “Selye”ni yalandan şişirtməyək, keçiləsi rəqibdi”
Gələk əsas məsələyə. “Sabah”ın səfərdə azı bir top fərqi ilə qələbə qazanmaqdan başqa çarəsi yoxdu. Belədə oyunu əlavə vaxta, bəlkə hətta penalti seriyasına daşımaq mümkün olacaq.
İlk oyunda izədiyimiz “Sabah”ın fiziki durumunu nəzərə alsaq, bu ehtimalın xoşbəxt sonluqla bitəcəyinə inanmaq çətindi. Odu ki, ən ideal variant kimi intriqaya əsas vaxtda son qoymaq dəyərləndirilməlidi. Bəs bu, nə dərəcədə mümkündü? “Sabah” Sloveniyadan 2-ci təsnifat mərhələsinə vəsiqə ilə qayıda bilərmi? Şansları necə qiymətləndirmək olar?
Bu suallarla təcrübəli mütəxəssislər Arif Əsədovla Şahin Diniyevə müraciət etdik.
Arif Əsədov:
“Bilindiyi kimi, ilk oyunda iki müxtəlif hissə izlədik. Birinci yarıda “Selye”ni təzyiq altında saxlayaraq öz oyununu diqtə edən “Sabah” ikinci yarıda hesabı qoruyub-saxlamaq istədi. Daha çox arxa xəttə çəkildi və rəqibi öz mövqeyində qəbul edib əks-hücumlara bel bağladı. Komandanın belə oyun tərzi “Selye”nin qon-qanad açmasına imkan verdi. Nəticədə rəqib daha rahat oynayaraq ərazi üstünlüyünü ələ keçirdi və lazım olan qolu vurdu. Görünən odu ki, “Sabah” hələ belə oyuna fiziki baxımdan hazır deyil. Komandanın baş məşqçisi hələ yenidi. Qısa müddət ərzində belə çatışmazlıqların aradan qaldırılacağına inanmaq çətindi. Həmçinin Sloveniya komandasının ən güclü cəhəti topa nəzarət etməyi xoşlaması və bunu bacarmasıdı. Yenə də artıq “Selye”ni daha yaxından tanıyırıq. Yəqin ki, “Sabah”ın məşqçi korpusu rəqibin güclü və zəif cəhətlərini təhlil edə, düzgün oyun taktikası qura biləcək. Məncə, cavab oyunu daha rahat olacaq. O başqa məsələ ki, evdə məğlub olandan sonra səfərdə qələbə qazanmaq çox çətindi. Yenə də bu, imkansız deyil. “Sabah”ın səfər oyunlarında daha yaxşı təsir bağışladığına şahidlik etmişik. Əsas vaxtda bir qol vurub matçı əlavə vaxta aparmaq da olar. Məğlubiyyətin “Sabah”ın xeyrinə olacağını proqnozlaşdırmaq da mümkündü. Buna da ümid edə bilərik ki, “Selye” ilk oyundakı nəticəyə görə meydana arxayın çıxsın. Hər halda, təmsilçimizə uğurlar arzulayıram”.
Şahin Diniyev:
“Bəli, ilk oyunda hər iki komandanın gücünə bələd olduq. Düzdü, “Sabah” uduzdu, ancaq heç-heçə də ədalətli nəticə sayılacaqdı. Onu vurğulayım ki, Masazırdakı matçda yaxşı futbol izləmədik. Həm də bəlli oldu ki, “Selye”ni gözümüzə çox böyütmüşük. Bu komanda ötən mövsüm Konfrans Liqasında 1/4 finala qədər irəliləyən komanda deyil. Yeni qurulub, daha doğrusu, heyətdə xeyli dəyişikliklər olub. “Sabah”da isə əksinədi. Heyət demək olar ki, dəyişməyib, cəmi üç legioner alınıb. Əvəzində baş məşqçi yenidi. İndi məşqçilər heyəti öz sisteminə alışdırmalıdı. Onsuz da “Sabah”ın futbolçuları çox keyfiyyətlidi. Elə sonradan meydana çıxanlar da. Yenə də ilk matçda maraqlı qol epizodları görmədik. Komanda qolları standart vəziyyətlərdən vurdu. “Sabah” bu dəfə daha yaxşı oynamalıdı. Buna potensialları var. Həmçinin artıq bir-birlərinə bələddilər. Cavab oyununda ilk qol çox şeyi həll edəcək. Baxmayaraq ki, birinci matçda belə olmadı. Əsas odu ki, tərəflər zəif və güclü cəhətlərini öyrəndi. Elə boşluqlar var ki, yalnız rəsmi matçlarda özünü göstərir. Bu, “Sabah” da orta xətdi ki, “Selye” oranı ələ keçirmişdi. Təmsilçimiz Sloveniyadakı matçda bu mövqeyi nəzarətdə saxlamalıdı. Oyun Kahim Parris, Cesse Sekidika, Coy-Lens Mikels kimi vingerlərin üzərində qurulmalıdı. Gəlin “Selye”ni yalandan şişirtməyək, keçiləsi rəqibdi. İlk oyundakı məğlubiyyətə baxmayaraq, şansları bərabər dəyərləndirirəm. Azı ona görə ki, ötən mövsüm izlədiyimiz “Sabah” potensialı olduğuna inam yaradıb. Məncə, cavab matçı ən pis halda əlavə vaxta qədər uzanacaq və sonda “Sabah” qələbə qazanacaq”.
KƏNAN BAHADIR