EN

"Proseslər Rusiyanın təcridinə aparır"

Son dövrlər Rusiya tərəfindən Azərbaycana qarşı təzyiqlər, müxtəlif formatlı süni kampaniyalar geniş hal alıb. Bu təzyiqlər fonunda xüsusən Rusiyada yaşayan azərbaycanlılara qarşı təqib halları artıb. Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinskinin saxlanılması, həmçinin diaspor rəhbərinə qarşı cinayət işinin açılması da bunu bir daha təsdiqləyir.  

Xatırladaq ki, bir müddət əvvəl də Rusiya güc strukturları tərəfindən saxlanılan soydaşlarımızdan ikisi göstərilən şiddət nəticəsində həyatını itirmişdir. Digərlərinin isə həbs müddəti daha üç ay müddətinə uzadılmışdır.

Rusiyanın Azərbaycana qarşı müxtəlif məzmunlu hücumlarının müşahidə olunduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, soydaşlarımıza qarşı güc tətbiq olunması, onların saxlanılması zamanı şiddət göstərilməsi bütün beynəlxalq normaların pozulmasıdır: "Hətta Yekaterinburqda azərbaycanlılara qarşı o qədər sərt rəftar edildi ki, onlardan ikisi həyatını itirdi. Zorakılıq, təzyiqlər silsilə şəklində özünü göstərməkdədir. Azərbaycanın mülki təyyarəsinə Qroznı şəhərində raket hücumundan sonra Rusiya tərəfindən təzyiq halları genişlənməyə başlayıb və Azərbaycanın media resurslarına qarşı kiberhücumlar təşkil olunub. Milli Məclisin deputatının hava limanında saxlanılaraq deportasiya edilməsinin ardınca Rusiyanın müxtəlif vilayət və şəhərlərində azərbaycanlılara qarşı təqib əməliyyatları  həyata keçirilir. Rusiya bununla öz gücünü, qüdrətini, nüfuzunu göstərməyə çalışırsa, yanılır". 

Siyasi ekspert qeyd etdi ki, Azərbaycan Rusiya tərəfindən aparılan kampaniyalara qarşı adekvat addımlar atır, regionda əsas söz sahibi olduğunu nümayiş etdirir: "Ən əsası Azərbaycan sübut edir ki, bizimlə şantaj, təhdid dilində danışmaq mümkün deyil. Dövlətin böyüklüyündən, qüdrətindən, nüfuzundan asılı olmayaraq, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq önəmlidir. Bütün münasibətlər sistemi mehriban qonşuluq siyasətinə əsaslanmalıdır. Təəssüflər olsun ki, Rusiyada bəzi dairələr başqa düşüncədədirlər. İmperiya maraqları və ambisiyaları daha geniş şəkildə özünü göstərir".

İ.Hüseynov onu da vurğuladı ki, bütün proseslər hazırkı vəziyyətdə Rusiyanın dünyada təcrid olunmasına gətirib çıxarır və geopolitik qlobal proseslər də bunu deməyə əsas verir.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources