EN

ABŞ bankları ikinci rübdə nə qazanıb və nə itirib?

ABŞ-ın aparıcı banklarından “JPMorgan Chase” bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə xalis mənfəətində azalma yaşasa da, “Wells Fargo” və “Citigroup” gəlirlərini və mənfəətlərini artırıb.

Valyuta.az xəbər verir ki, “JPMorgan Chase” tərəfindən yayımlanan maliyyə hesabatına görə, bankın gəliri 2025-ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq 44,9 milyard dollara düşüb. 2024-cü ilin eyni dövründə bank 50,2 milyard dollar gəlir əldə etmişdi.

Bankın xalis mənfəəti də ötən ilin ikinci rübü ilə müqayisədə 17 faiz azalaraq 14,9 milyard dollara enib. Müvafiq dövrdə bank 18,2 milyard dollar xalis mənfəət əldə etmişdi. Hissə başına mənfəət isə bu rübdə 5,24 dollar olaraq qeydə alınıb. Bu göstərici ötən il eyni dövrdə 6,12 dollar səviyyəsində idi.

Bankın baş icraçı direktoru Ceymi Daymon açıqlamasında ABŞ iqtisadiyyatının bu rübdə möhkəm dayandığını bildirib. O, vergi islahatının yekunlaşdırılmasının və potensial derequlyasiyanın iqtisadi baxımdan müsbət olduğuna diqqət çəkib. Bununla yanaşı, gömrük tarifləri və ticarət qeyri-müəyyənlikləri, pisləşən geosiyasi vəziyyət, yüksək maliyyə kəsirləri və artan aktiv qiymətləri kimi əsas risklərin davam etdiyini bildirib. “Ən yaxşısına ümid edirik, lakin bankı müxtəlif ssenarilərə hazırlayırıq”, deyə Daymon qeyd edib.

“Wells Fargo”dan verilən məlumata görə, bankın gəliri 2025-ci ilin ikinci rübündə ötən ilin eyni dövrünə nisbətən 0,6 faiz artaraq 20,8 milyard dollara çatıb. 2024-cü ilin eyni rübündə bu göstərici 20,7 milyard dollar olmuşdu. Bankın xalis mənfəəti isə 12 faizlik artımla 5,5 milyard dollara yüksəlib. Ötən ilin ikinci rübündə bu rəqəm 4,9 milyard dollar idi. Hissə başına mənfəət bu dövrdə 1,6 dollara çatıb. 2024-cü ilin eyni dövründə bu göstərici 1,33 dollar olmuşdu.

“Citigroup”dan yayımlanan açıqlamaya əsasən, bankın xalis mənfəəti bu ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 4 milyard dollara çatıb. 2024-cü ilin ikinci rübündə bu göstərici 3,2 milyard dollar olmuşdu. Hissə başına mənfəət 1,96 dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 1,52 dollar idi.

“Citigroup”un bu il ikinci rübdə ümumi gəliri də 8 faiz artaraq 21,7 milyard dollara yüksəlib. 2024-cü ilin ikinci rübündə bankın gəliri 20 milyard dollar olmuşdu.

Paşa Məmmədli


 

Chosen
66
valyuta.az

1Sources