EN

Sülh yoxsa Güc? - İsrailin Cənubi Suriyada yeni STRATEGİYASI

Xəbər verdiyimiz kimi, İsrail ordusuna məxsus pilotsuz uçuş aparatı tərəfindən Suriyanın Əs-Suveyda vilayətinin qərbində yerləşən hərbi hədəf vurulub. Bunun nəticəsində Suriya Müdafiə Nazirliyinin 6 əməkdaşı həlak olub, bir neçəsi isə yaralanıb. Hadisədən öncə İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti bildirib ki, Əs-Siccin və Samiya yaşayış məntəqələri arasında müşahidə olunan bir neçə Suriya zirehli texnikası Əs-Suveyda bölgəsinə çatmadan əvvəl hədəfə alınıb.

Cənubi Suriyada tankların mövcudluğu İsrailin təhlükəsizliyi üçün təhdid yaradır.

İsrail ordusunun baş verən hadisə ilə bağlı açıqlamasında qeyd olunur ki, İDF cənubda hərbi təhdidlərin formalaşmasına imkan verməyəcək və onları zərərsizləşdirmək üçün tədbirlər görəcək.
 

Xatırladaq ki, iyulun 12-də Bakıda Suriya və İsrail rəsmilərinin görüşü keçirilib. Həmin gün Suriyanın müvəqqəti Prezidenti Əhməd Əş-Şaraara da Azərbaycanda səfərdə olub. Mənbənin dediyinə görə, Aş-Şaraahın özünün iştirak etmədiyi bu görüş İsrailin Suriyadakı son hərbi mövcudluğu məsələsinə həsr olunub


Belədə, həmin görüşdən sonra İsrailin Suriya ərazisini hədəf almasının baş tutan bu danışıqlara görəsən hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, İsraillə Suriya arasında münasibətlər gərgin olaraq qalır: “Baxmayaraq ki, artıq Bəşər Əsəd hökuməti yoxdur, yeni keçid hökumətilə bağlı da Təl-Əviv anlaşılmaz mövqe sərgiləməkdə davam edir. İsrail çalışır ki, Suriya ərazisindəki ona təhdid törədə biləcək bütün hərbi bazaları darmadağın etsin. Bu prosesdə Netanyahu hökuməti barışmaz mövqe tutur”.

Təl-Əviv prosesdə dialoqa yox, monoloqa üstünlük verir

“Düşünürəm ki, Netanyahu hökumətinin bu cür sərt, barışmaz mövqeyi yaxşı nəticələrə gətirib çıxarmayacaq. Onu da qeyd edək ki, İranla toqquşmadan sonra İsrail hərbi texniki cəhətdən tükənib”. 

Ekspert qeyd edir ki, rəsmi Dəməşq Colan yüksəkliklərini İsrailə verməyə hazırdır, təki sülh olsun

“Yeni Dəməşq hökuməti İsraillə bağlı heç bir iddialarının olmadığını bəyan edir. Belədə, Dəməşq danışıq və konsensus təklif edir. Çünki bu dəqiqə ona lazım olan əsas məsələ sülh və təhlükəsizlikdir”.

Həmsöhbətimiz bildirir ki, İsrail bölgədəki bütün məsələlərin həllinin yalnız güc vasitəsilə tapmalı olmadığını anlamalıdır:

“Burada yumşaq gücün də yeri olmalıdır. Təl-Əviv bunu rədd edirsə, əvvəl-axır bu İsrailin özünün strateji maraqlarına qarşı çevriləcək”.

Rəsmi Təl-Əviv rəsmi Bakının sözünü eşitsə, onun arqumentlərinə diqqət yetirsə, bu İsrail və Suriyanın xeyrinə olacaq

“Netanyahu total güc amilinə bir qədər pauza verməli, qarşı tərəfi eşitməyə, onun mövqeyini qəbul etməyə hazırlığını ifadə etməlidir. Bu İsrailin özü üçün də vacibdir” deyə o bildirib.

Rüfət Sultan, Bizim.Media

 

Chosen
90
13
bizim.media

10Sources