EN

“Azərbaycan Rusiyada daha güclü və mütəşəkkil bir diaspor qurmalıdır...” - Etibar Məmmədov

Yazını böyüt
Yazını kiçilt

“Bu hadisələr Rusiya ilə əlaqələrin daha da gərginləşdiyini və Azərbaycanın orada yaşayan soydaşlarını qorumaq üçün daha ciddi tədbirlər görməsinə ehtiyac olduğunu göstərir...”

AMİP-in fəxri lideri Etibar Məmmədov hafta.az-a verdiyi açıqlamasında iyunun sonunda Yekaterinburqda baş verən və Azərbaycan vətəndaşlarına qarşı rəsmi qurumların işgəncə, ölüm və kütləvi həbslərlə nəticələnən hadisələrdən sonra Rusiya və Azərbaycan arasındakı gərginliyin vəziyyətini belə şərh edib:

Rusiya Azərbaycanı təzyiq altında saxlamaq üçün miqrantları istifadə edir...

“Son nəticə ondan ibarətdir ki, Rusiya Azərbaycanı təzyiq altında saxlamaq üçün miqrantları vasitə olaraq istifadə etməyə davam edir. Yekaterinburqdakı hadisələr də bunu göstərdi. Rusiya Azərbaycana qarşı təzyiq etmək üçün orada yaşayan soydaşlarımıza işgəncələr verərək, onları hədəf alır. Bu, Azərbaycanın Rusiya ilə olan münasibətlərində ciddi bir problemə çevrilib.”

Diaspora təşkilatlarının koordinasiyasızlığı və Rusiya ilə münasibətlər...

"Həmçinin Azərbaycanda fəaliyyət göstərən diaspor təşkilatlarının bir-birinə yardım etməməsi, koordinasiyasızlığı da bu məsələdə ciddi çətinlik yaradır. Rusiya isə bu boşluqdan istifadə edir. Azərbaycan Rusiyada daha güclü və mütəşəkkil bir diaspor qurmalı, bu məsələlərdə daha sərt mövqe tutmalıdır.”

Soydaşların qorunması və gələcəkdə görüləcək tədbirlər...

"Bu hadisələr Rusiya ilə əlaqələrin daha da gərginləşdiyini və Azərbaycanın orada yaşayan soydaşlarını qorumaq üçün daha ciddi tədbirlər görməsinə ehtiyac olduğunu göstərir. Azərbaycana qarşı təzyiqlərin davam etməsi, məsələnin dərinləşməsinə yol aça bilər."

Etibar Məmmədov Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin gələcəkdə daha diqqətlə idarə edilməsinin vacib olduğunu və ölkənin soydaşlarının müdafiəsi üçün konkret addımlar atılmasının zəruriliyini vurğulayıb.

Chosen
57
1
hafta.az

1Sources