Zəngəzur dəhlizi ətrafında gedən son proseslər Cənubi Qafqazda yeni geosiyasi düzənin formalaşması baxımından ciddi əhəmiyyət daşıyır. Əbu-Dabidə keçirilən Azərbaycan-Ermənistan görüşündən sonra yayılan razılaşma iddiaları bu istiqamətdə yeni mərhələnin başlaya biləcəyi ehtimalını gündəmə gətirib. Dəhliz məsələsi təkcə Bakı ilə İrəvan arasında kommunikasiya bağlantısı deyil, həm də regional güc balansında strateji açardır. Bu səbəbdən yayılan hər bir məlumat ehtiyatla dəyərləndirilməli, rəsmi təsdiq gözlənilməlidir. Əldə olunan hər bir nəticə təkcə tərəflər arasında deyil, bölgəyə təsir göstərən bütün aktorlar üçün önəmli presedent yarada bilər.
Mövzu ilə bağlı siyasi analitik Tural İsmayılov Editor.az-a bildirib ki, Əbu-Dabidə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı razılığa gəldiyi barədə yayılan iddialar regionda kommunikasiya xətlərinin açılması baxımından diqqətəlayiqdir:
“Erməni mənbələrinin iddialarına əsasən, İrəvanın bu dəfə daha mülayim və müsbət mesajlar səsləndirməsi, dəhlizin Bakı və Ankaraya “təhvil verilməsinə” hazırlaşması diqqət çəkir. Lakin bu məlumatların rəsmi təsdiqi yoxdur və onların spekulyativ xarakter daşıdığı da nəzərə alınmalıdır.
Zəngəzur dəhlizi 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulmuşdu. Buna baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən proses bu günə qədər ləngiyib. Son mərhələdə İrəvanın təklif etdiyi “sadələşdirilmiş keçid” modeli isə Azərbaycanın tələblərinə uyğun gəlmir. Belə ki, bu model Bakıdan çox, Ermənistanın İrana çıxışını nəzərdə tutur və nəticədə Azərbaycanın regiondakı strateji maraqları ilə ziddiyyət təşkil edir”.
T. İsmayılovun sözlərinə görə, Əbu-Dabi görüşünün dəhlizin açılması prosesinə müəyyən təkan verdiyi istisna olunmasa da, hələlik konkret razılaşmanın detalları ictimaiyyətə açıqlanmayıb:
“Eyni zamanda, prosesin fonunda Rusiyanın dəhliz üzərindəki təsir imkanlarının zəifləməsi, əvəzində ABŞ və Türkiyənin daha fəal mövqe tutmağa başlaması müşahidə olunur. İranın bu məsələdə kənarda qalması ilə bağlı iddialar isə son dövrlərdə Bakı-Tehran münasibətlərindəki yumşalma kontekstində daha mürəkkəb və ehtiyatla yanaşılmalı bir məsələdir. Həm Rusiya, həm də İranın bu prosesə təzyiq göstərmək ehtimalı real olsa da, bu mərhələdə bu cür ssenarilər daha çox spekulyativ xarakter daşıyır.
Eyni zamanda, Ermənistanın daxilində dəhliz məsələsi Paşinyan hökumətinə qarşı müxalifət tərəfindən alət kimi istifadə olunur. Bu isə İrəvanın mövqeyinin qeyri-stabil və ziddiyyətli olmasına səbəb olur. Azərbaycanın qəti və prinsipial yanaşması, eləcə də Türkiyənin bu məsələdə açıq dəstəyi dəhlizin açılmasını real bir perspektivə çevirə bilər”.
“Bununla belə, “İrəvan dəhlizi təhvil verir” kimi yanaşmalar həddindən artıq sadələşdirilmiş və real vəziyyəti tam əks etdirməyən mövqedir. Zəngəzur dəhlizinin gələcəyi hələ tam müəyyənləşməyib, lakin danışıqların yeni mərhələyə keçməsi və regional əməkdaşlıq üçün zəminin formalaşması ehtimalı artır. Məsələnin həlli isə yalnız tərəflərin maraqlarının optimal uzlaşdırılması və real geosiyasi reallıqlar nəzərə alınmaqla mümkün ola bilər”,- deyə sonda T. İsmayılov deyib.
//Gülnarə Abasova, Editor.az