AZ

Ermənistanda AB-nin "şpion missiyası" Azərbaycanla sazişə mane olur


Tural İsmayılov: “Prezident beynəlxalq təşkilatlara da bir siqnal göndərdi: Azərbaycana ədalətsiz yanaşma dövrü bitdi”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda çıxış edib.

Ölkə başçısı çıxışı zamanı Avropa Müşahidəçiləri Missiyası kəşfiyyat və casus missiyasına da toxunub. Qeyd edib ki, Avropa Müşahidəçiləri təkcə Azərbaycana qarşı yox, eyni zamanda İrana qarşı istifadə edilir.

Maraqlıdır, Ermənistan öz ərazisində Azərbaycana qarşı casus fəaliyyəti göstərən bu missiyanı ləğv etməsə, sülh sazişi imzalana bilərmi?

“Dövlət başçısının verdiyi mesajlar, əslində, diplomatik ritorikanın o biri üzüdür - real zəmanət tələb edən dövlət ağlının təzahürüdür”

Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışı Azərbaycanın regional siyasətində dönüş nöqtəsi hesab edilə bilər. Bu çıxışda təkcə mövcud reallıqlar deyil, həm də gələcək geosiyasi planlamaların əsas konturları ortaya qoyulub. Dövlət başçısının verdiyi mesajlar, əslində, diplomatik ritorikanın o biri üzüdür - real zəmanət tələb edən dövlət ağlının təzahürüdür: “Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycan sülh prosesinə konstruktiv yanaşır, prosesin rasional formada davam etməyinin tərəfdarıdır. ATƏT-in Minsk Qrupunun ləğv edilməsi ilə bağlı çağırış isə postmünaqişə dövrünün institusional təmizlənməsi üçün vacib addımdır. Azərbaycanın münaqişənin bitdiyini elan etməsi ilə Minsk Qrupunun ləğvi arasında məntiqi bağ tam aydındır. Əgər Ermənistan da bu fikirdədirsə, niyə həmin strukturu qoruyub saxlayır? Deməli, hələ də ssenari ehtiyatda saxlanılır. Prezident haqlı olaraq bu mövzunu beynəlxalq auditoriyanın diqqətinə çatdırır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi isə sırf hüquqi texnika deyil, strateji zəmanət vasitəsidir. Əgər sənədlər üzərində ərazi iddiaları qalırsa, hər hansı sülh bəyannaməsi dəyərsizdir. İlham Əliyev bu ziddiyyətin üstünü açaraq sülh prosesinə zərurət qədər realist yanaşma sərgiləyir”.

Həmsöhbətimiz hesab edir ki, Azərbaycan öz diplomatik kartlarını oynadı, indi sıra qarşı tərəfdədir: “Əgər Ermənistan növbəti dəfə destruktiv yanaşma nümayiş etdirərsə Bakı beynəlxalq hüquq çərçivəsində öz maraqlarını təmin etməyə davam edəcək. Bu, artıq hərbi müstəviyə keçməsə də, iqtisadi və diplomatik izolyasiya formasında özünü göstərə bilər. Ermənistan bunu gözə alırsa seçim onundur. Lakin indiki məqamda hər bir ağıllı siyasi qüvvə anlamalıdır ki, Ermənistanın təhlükəsizlik və inkişaf perspektivi yalnız Azərbaycanla normallaşmadan keçir. İlham Əliyev bunu açıq şəkildə bəyan etdi və növbəti mərhələnin parametrlərini ortaya qoydu.

Eyni zamanda, Prezident beynəlxalq təşkilatlara da bir siqnal göndərdi: Azərbaycana ədalətsiz yanaşma dövrü bitdi. İndi balanslı və prinsipial mövqe sərgiləməyin zamanıdır. Əgər bu forumda deyilənlər yetərincə dəyərləndirilməzsə regionda sabitlik arzuolunmaz şəkildə pozula bilər. Azərbaycan rəhbərliyinin çağırışı həm sülhə, həm də gücə əsaslanan paralel strategiyadır. Bu strategiya nəticə verəcəkmi? Cavab Ermənistanın səmimiyyətindən asılı olacaq. Prezidentin dediyi kimi: biz artıq söz yox, zəmanət istəyirik. Və bu zəmanətlər olmadan heç bir sənəd real sülh anlamına gəlmir”.

Günel CƏLİLOVA

Seçilən
28
20
baki-xeber.com

10Mənbələr