EN

Şuşada 5 nəfərin öldüyü qəza ilə bağlı məhkəmə başa çatdı

BAKI, 14 iyul. TELEQRAF

Şuşada beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə ittiham olunan Sabirabad rayon sakini, 1993-cü il təvəllüdlü Elvin Abbasovun məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin noyabrın 4-də Şuşa rayonunun Daşaltı kəndində baş verib.

E. Abbasov idarə etdiyi “Nissan Navara” markalı avtomobilin idarəetməsini itirərək aşırıb.

Bu zaman avtomobil alovlanıb və maşında olan sərnişinlər - Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər.

Sürücü Elvin Abbasov isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İstintaq araşdırması zamanı hadisənin törədilməsində E. Abbasov günahkar bilinib və onun barəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - bu məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Lakin istintaq araşdırması zamanı E. Abbasov vəfat edib. Məhkəmədə onu hüquqi varisi qismində qardaşı təmsil edib.

Hüquqi varis bildirib ki, qardaşı 2023-cü ilin sentyabr ayından, yəni hadisədən 5-6 ay əvvəl işğaldan azad olunmuş ərazidə Xocavənddə buldozer operatoru vəzifəsində işləyib: “Qardaşımın sürücülük vəsiqəsi olub, işindən çox vaxt xəbərimiz olmayıb. Hadisə günü işçiləri gətirən zaman Doşablı kəndində 4-cü tunel yolunda avtomobili yoldan çıxararaq sol kənara - dərəyə aşırıb. Qardaşım bu hadisə nəticəsində xəstəxanada ölüb. Qaz-balon epizodunu heç kəs öz üzərinə götürməyib. Ehtimal olunur ki, maşında qaz-balon olub”.

Zərərçəkmiş şəxslərin hüquqi varislərinin ifadələrindən məlum olub ki, onlar da işğaldan azad olunmuş ərazilərdə işləyiblər.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elvin Abbasov Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, öldüyünə görə ona cəza təyin edilməyib.

Təqsirləndirilən şəxs öldüyündən 670 manat məbləğində ekspertiza xərci ona aid edilməyib, dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qərara alınıb.

Chosen
14
50
teleqraf.com

10Sources