Suriyada hakimiyyət dəyişikliyindən sonra Azərbaycan dövləti iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi yönündə aktiv siyasət həyata keçirir. Bəşər Əsəd rejiminin ermənipərəst mövqe tutması səbəbindən Azərbaycanla Suriya arasında vaxtilə korlanmış münasibətlərin bərpası hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal söyləyib.
O bildirib ki, Suriyada yeni hakimiyyət bərqərar olandan sonra ölkəyə humanitar yardım göndərən ilk ölkə Azərbaycan oldu. Qısa zamanda diplomatik əlaqələr yaradıldı, səfirliyimiz fəaliyyətini bərpa etdi.
Bu dinamika hazırda davam edir və Suriya keçid dövrü Prezidentinin Azərbaycana səfəri bu münasibətlərin səviyyəsinin yüksəldiyinin daha bir təzahürüdür.
"Suriya ilə Azərbaycanı bir sıra ortaq cəhətlər birləşdirir. Belə ki, ortaq coğrafiya, din, orada yaşayan türkmanların simasında mədəniyyət, dil və s. Bu baxımdan münasibətlərin yüksəldilməsi üçün böyük potensial var. Azərbaycan Suriyada mədəni irsin qorunması, ortaq mədəniyyətə aid mədəni abidələrin bərpası, mədəniyyət müəssisələrinin, məktəblərin təşkili kimi məsələlərdə aktiv rol ala bilər", - deyə A.Camal vurğulayıb.
QHT sədri əlavə edib ki, Suriya tərəfi enerji ehtiyaclarını ödəmək üçün, xüsusilə Azərbaycan qazının Türkiyə üzərindən ölkəyə nəqlində maraqlıdır. Artıq bu ideyanın reallaşdırılması üçün müvafiq anlaşma imzalanıb. Yaxın vaxtlarda Azərbaycan qazının Suriyaya nəqli gündəlikdədir.
Azərbaycan hazırda tək yerləşdiyi coğrafi məkanda deyil, maraqlarının tələb edildiyi istənilən regionda ciddi aktor kimi çıxış edir. Doğrudur, Azərbaycanın real gücə söykənən aktiv və səmərəli diplomatik fəaliyyəti bir sıra dövlətlər, o cümlədən Suriyada mövqelərini itirmiş qüvvələr tərəfindən narahatlıq və qısqanclıqla qarşılanır. Lakin bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən diplomatik fəaliyyət, ilk növbədə, Azərbaycanın maraqlarına əsaslanır və kiməsə qarşı deyil.