EN

RJİ-nin “Sputnik” “təəssübü”: söz azadlığı, yoxsa azad həyasızlıq?

Mətbuat Şurasının beynəlxalq ictimaiyyətə müraciətinə sözardı

Bəri başdan deyək ki, Azərbaycan Mətbuat Şurasının yaydığı müraciət Rusiya Jurnalistlər İttifaqının (RJİ) “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının ölkəmizdəki həbsi ilə bağlı beynəlxalq aləmdə qaldırdığı səs-küyə cavab mahiyyəti daşıyır. Daha doğrusu, Şura müraciəti ilə beynəlxalq ictimaiyyətin, o cümlədən xarici media cameəsinin hadisəyə dair yanlış məlumatlandırılmasına yol verməmək niyyətindədir. Güman edirik, qurumun yaydığı sənədin təsiri olacaq.

Əslində, RJİ-nin “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının həbsi ilə bağlı beynəlxalq təşkilatlara, jurnalist və hüquq müdafiəsi assosiasiyalarına ünvanlanan məktubuna diqqət yetirəndə heyrətlənməyə bilmirsən. Azərbaycanda belə bir atalar misalı var: Utanmayasan, oynamağa nə var ki? Təsəvvür edin, söz və ifadə azalıqlarına həqarətlə yanaşılan bir ölkədə fəaliyyət göstərən jurnalist təşkilatı bəşəri dəyərlərdən dəm vurur. Həqiqətən, gülməli durumdur. Mətbuat Şurası müraciətində bu durumun acı gerçəkliklərini vurğulayıb: “Rusiya Jurnalistlər İttifaqının öz ölkəsi daxilində jurnalistlərin təqib edilməsi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, əslində bu aktual məsələləri lazımi diqqətdən kənarda qoyması dərin çaşqınlıq doğurur. Müstəqil media nümayəndələrinin çoxsaylı həbsləri, onlara sistemli təzyiqlər ictimai-siyasi diskursun son həddindədir”.

Daha gülməlisi isə RJİ-nin beynəlxalq hüquq baxımından Rusiyaya məxsus olmayan, Ukrayna ərazisi kimi tanınan bölgələrdə bölmələr yaratmasıdır. Qurum vaxtilə belə bir sərsəm addım atanda dünyanın aparıcı media təşkilatları onu nəinki qınadılar, ümumiyyətlə, loru dildə desək, sildilər. İndi bu təşkilat Azərbaycanda söz azadlığını şübhələndirmək yolu tutur. Özü də tutduğu yolun saxtalığının fərqinə varmadan. Bəlkə də varır, sadəcə nə edə bilər, çünki Rusiyada fəaliyyət göstərir. Mətbuat Şurasının müraciətində vurğulandığı kimi, son illər xarici siyasətdə təsir aləti kimi mediadan daha fəal istifadə edən Rusiyada.

Bəli, Rusiyanın informasiya fəaliyyəti pərdəsi altında suveren dövlətlərdə siyasi vəziyyətin sabitliyinin pozulmasına yönəlmiş genişmiqyaslı kampaniyalar apardığı sirr deyil. Şuranın müraciətində mövcud məqam da vurğulanıb: “Başqa ölkələrin daxili işlərinə müdaxilə olan belə hərəkətlər yerli ictimai institutların fəaliyyətini pozur və hakimiyyətlərə etimadın səviyyəsini azaldır. Bu praktika Rusiyanın “Sputnik” agentliyinin və onun əməkdaşlarının fəaliyyətində özünü daha çox büruzə verir”.

Beləliklə, MŞ haqqında söz açdığımız müraciəti ilə başlıca məqsədinin hadisələrin obyektiv mənzərəsini diqqətə çatdırmaq olduğunu açıqlayıb. Yəni, RJİ-nin açıq məktubunda yer alan ifadələrin əksinə olaraq, “Sputnik Azərbaycan”ın rəhbəri İqor Kartavıxın və böyük redaktor Yevgeni Belousovun saxlanılmasının onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur”.

Hər halda, dünya ictimaiyyəti Rusiyada mediaya manipulyativ tərzdə yanaşıldığının fərqindədir. Tarix boyu da belə olub. Ölkənin agentura şəbəkəsinin bir çox üzvləri məhz jurnalist adı ilə fəaliyyət göstəriblər. Sözümüz ondadır ki, “Sputnik Azərbaycan”la bağlı durum nə ilkdir, nə də çox güman, son olacaq. Ona görə də İ.Kartavıxın və Y.Belousovun Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ilə əməkdaşlıq etmələri təəccüblü qarşılanmamalıdır. Onların saxlanılmaları da həmçinin. Nəzərə alaq ki, bu iki şəxsə qarşı seçilmiş ölçü tədbiri ölkəmizin qanunvericiliyinə tam uyğundur. Əlbəttə, RJİ üçün qanunvericiliyə uyğunluq məsələsi anlaşılmaya bilər. Çünki Rusiyada jurnalistlər əsassız yerə saxlanılır, məsuliyyətə cəlb edilir. Necə deyərlər, aşıq isə gördüyünü çalar. RJİ-nin də gördüyü budur. Başqa nə etməlidir? Cavab verək ki, qurum heç olmasa, susa bilər. Amma...

Ayrıca “Sputnik Azərbaycan”la bağlı vəziyyətin məxsusiliyi də var. Yəni, indiyədək də bu media quruluşunun “təcrübəsində” jurnalist fəaliyyətinə zidd yaramazlıqlar qeydə alınıb. Mövcud məqam MŞ-nin müraciətində də əskini tapıb. “Sputnik Azərbaycan”a əvvəllər bir neçə il Rusiya xüsusi xidmət orqanlarının karyera zabiti, Baş Kəşfiyyat İdarəsi (QRU) ilə sıx bağlı olan Vitali Denisov rəhbərlik edib. Bundan əvvəl o, “Sputnik Cənubi Osetiya” agentliyinə, daha sonra isə “Sputnik Moldova”ya başçılıq edib. O, bu vəzifələrdə Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə həmin regionların media resurslarından yararlanaraq, Kremlin gündəliyinin təbliğinə yönəlmiş informasiya və təbliğat kampaniyalarına rəhbərlik edib”.

Haqqında söz açılan V.Denisovun təxribat fəaliyyətinə görə Azərbaycandan və Moldovadan qovulduğu da məlumdur. Deməli, dünya ictimaiyyəti bildiyi həqiqəti bir daha yeniləməlidir. Bir halda ki, Rusiyada cəmiyyəti məlumatlandırmaqdan uzaq vəzifələr çox vaxt jurnalist fəaliyyəti adı altında həyata keçirilir, deməli, “Sputnik Azərbaycan”ın da ölkəmizin milli təhlükəsizliyinə təhdid yaradan əlaqələndirilmiş təsir və müdaxilə cəhdlərinə baş vurması adi normadır. RJİ-nin bu qurumun müdafiəsinə qalxıb söz azadlığının “qayğısına qalması” isə aşkar həyasızlıqdan başqa bir şey deyil. Həm də o səbəbdən həyasızlıqdır ki, Rusiyanın xüsusi xidmət orqanlarının psevdomedia strukturlarını alətə çevirməsi Avropa Şurası, Avropa Parlamenti, “EUvsDisinfo” və EDMO kimi aparıcı təşkilatların hesabatlarında da əksini tapıb. Yeri gəlmişkən, həmin hesablarda məhz “Sputnik”in də adı çəkilib. Əlbəttə, Kremlin dezinformasiya kampaniyasının əsas aləti qismində. Üstəlik, Mətbuat Şurasının müraciətində də vurğulandığı kimi, qurumun fəaliyyəti 32 ölkədə, o cümlədən Avropa İttifaqının 27 dövlətinin hamısında, həmçinin Ukrayna, Böyük Britaniya, Kanada, İsveçrə və Avstraliyada rəsmi olaraq qadağan edilib və ya bloklanıb.

Sonda bir daha bildirək ki, RJİ, həqiqətən, söz azadlığı barədə düşünürsə, ilk növbədə, Rusiyadakı duruma diqqət yetirməlidir. Görəsən, qurum fəaliyyət göstərdiyi ölkədə 1992-ci ildən bəri 50-dən çox jurnalistin öldürülməsinə hansısa reaksiya veribmi? Üstəlik, 2019-cu ildən 2024-cü ilə qədər Rusiyada ən azı 30-dək jurnalist saxlanılıb və həbs olunub. RJİ söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyi barədə təbil zəngi çalıbmı? Axı bütün beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında mövcud məqam vurğulanır. Bu qorxunc mənzərəni isə Yuri Şçekoçixin, Anna Politkovskayanın, Pavel Şeremetin, Pavel Xlebnikovun və bir çox başqa tanınmış jurnalistlərin səs-küylü qətlləri tamamlayır. Yəni, Rusiyada jurnalistlər təkcə qətlə yetirilmir. Onlar elə öldürülür ki, olayların həm də cəza mahiyyəti vurğulansın, azad mediaya göz dağı verilsin. Görəsən, belə hallarda RJİ harada idi? Qurumun təmsilçiləri Azərbaycanı hədəfə alarkən bunları düşünüblərmi?

Sualımız ritorikdir. Çünki hazırda düşünməli olan tərəf beynəlxalq ictimaiyyətdir. Yəni, xarici aləm “Sputnik Azərbaycan” agentliyinin əməkdaşlarının saxlanılması ilə bağlı yaranmış vəziyyətin Rusiyadakı əndərəbadi media anlayışından qaynaqlandığını nəzər almalıdır. Nəzərə almalı və RJİ-nin anti-Azərbaycan yönümlü informasiya təxribatına adekvat reaksiya verməli, mediadan siyasi məqsədlər naminə istifadəni qətiyyətlə pisləməlidir. Mətbuat Şurasının müraciətində ifadə olunan çağırış da məhz budur.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
14
xalqqazeti.az

1Sources