EN

Regionda marağı olan güclər Azərbaycanın mövqeyi ilə hesablaşmağa məhkumdur RƏY

ain.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən və ən mühüm siyasi hadisələrdən biri kimi tarixə düşən Əbu-Dabi görüşünü “sülhün pəncərəsi” adlandırmaq olar. Reallıq budur ki, Əbu-Dabidə liderliyi ələ alan Azərbaycan öz milli və dövlət maraqlarına uyğun şəkildə tərtib edilən sülh sənədini bir daha Ermənistana diktə edib. Rəsmi Bakı regionda diplomatik prioritetlərin dəyişdiyi mesajını verən Əbu-Dabi görüşü ilə ikitərəfli, nəticəyönümlü və Qərb vasitəçiliyindən kənar formatın sülhə aparan yol olduğunu bir daha sübut etdi.

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib ki, Əbu-Dabi görüşünü əvvəlkilərdən fərqləndirən ən birinci xüsusiyyət görüşün, təxminən, beş saat çəkməsi olub.

Deputat bildirib ki, bu müddət ərzində müxtəlif məsələlər müzakirə olunub: “Mətbuata verilən açıqlama və məlumatlar bundan ibarətdir ki, sülh danışıqları istiqamətində tərəflərin səyləri, Zəngəzur dəhlizi, kommunikasiya xətlərinin açılması, delimitasiya-demarkasiya prosesləri ilə yanaşı, müxtəlif sahələr üzrə dövlətlər arasında komissiyaların formalaşması prosesi də müzakirə edilib. Təbii ki, hələ mətbuata açıqlanması məqbul hesab edilməyən bir çox məsələlərin də müzakirə edildiyi qənaətindəyəm. Bu, Ermənistan Konstitusiyasında Azərbaycanın haqlı tələbi ilə dəyişikliklərin edilməsi, Qərbi Azərbaycandan zamanında qovulmuş, deportasiya olunmuş bacı-qardaşlarımızın öz doğma dədə-baba yurdlarına qayıdışının hüquqi təminatı, eyni zamanda ATƏT-in Minsk Qrupu həmsədrlərindən qarşılıqlı imtina məsələləridir. Əsas vurğulanmalı olan məqam isə budur ki, Azərbaycanın uzun müddət israr etdiyi vasitəçilərsiz görüşlə bağlı artıq Ermənistan da öz müsbət rəyini bildirib. Azərbaycan bir müddət əvvəl konkret olaraq ikitərəfli görüşlərin keçirilməsinin tərəfdarı olduğunu bildirdi. Çünki vasitəçilər ilk növbədə öz maraqlarının təminatı haqqında düşünürlər. Buna görə də danışıqlar nəticəsiz başa çatır. İkitərəfli danışıqlar həyata keçirilirsə, bunun nəticəsi olur. Bununla bağlı artıq Ermənistan tərəfinin də mövqeyi var. Azərbaycan Xarici İşlər Nazirliyinin, eləcə də Ermənistan tərəfinin açıqlamalarına görə, görüş hər iki tərəfdən müsbət dəyərləndirilir. Konstruktiv və gələcəkdə sülh müqaviləsinin imzalanması istiqamətində məsələlərin həlli baxımından pozitiv yanaşma var. Azərbaycan istənilən görüşdə daha üstün görünür. Azərbaycan qalib tərəfdir. Sanki Azərbaycan harada olmasından asılı olmayaraq bu görüşlərə ev sahibliyi edir. Doğrudur, bu dəfə Əbu-Dabi ev sahibliyi edirdi, amma Azərbaycanın üstün mövqeyi ortadadır. Bu isə təbiidir - haqlı və qalib tərəf olaraq tələbələrimiz, beynəlxalq hüquqa əsaslanan mövqeyimiz var. Ermənistan tərəfi bu mövqedən heç bir halda yayına bilməz. Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ gündəmdədir. Əbu-Dabi görüşündən əvvəl Nikol Paşinyan Türkiyəyə səfər etmişdi. Bunun ardınca Ermənistanın energetika naziri, eləcə də nəqliyyat-infrastruktur naziri Türkiyəyə səfər etmişdi. Görünən budur ki, Türkiyə tərəfindən müəyyən məsələlərlə bağlı razılaşmanın da fərqindədirlər. Bütövlükdə proses Azərbaycanın üstünlüyü şəraitində keçir. Bu da təbiidir. Azərbaycan regionun əsas güc sahibidir və öz gücünə reallıqları tam olaraq dəyişib. Bu bölgədə, regionda marağı olan güclər Azərbaycanın mövqeyi ilə hesablaşmağa məhkumdur. O cümlədən Ermənistan və ona havadarlıq edənlər”.

Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, Azərbaycan həmişə buna inanıb və Ermənistanı da inandırmağa çalışıb ki, üçüncü tərəfin iştirakı olmadan ikitərəfli müzakirə aparılsa, görüşlər keçirilsə, razılaşmalar əldə edilsə, bu, aradakı problemlərin tez bir zamanda həllinə böyük töhfə verə bilər:

“Həqiqətən də, aramıza kimsə girməsə, biz Ermənistanla rahat şəkildə anlaşa biləcəyik. Çünki reallıqlar var və Ermənistan hakimiyyəti də bu reallıqları artıq başa düşür, özü də əməlli başlı başa düşür. Azərbaycan daha güclü, qüdrətli olmasına baxmayaraq, Ermənistanla münasibətlərdə güc mövqeyindən çıxış etmir. Əksinə, Ermənistana münasibətdə yetərincə sakit, təmkinli davranır, onu küncə sıxışdırmır, mümkün olmayan heç nə tələb etmir. Sadəcə olaraq həm Azərbaycanın, həm də Ermənistanın, bütövlükdə bölgənin faydasına olan məsələlərin həllində Ermənistanın addım atmasını istəyirik. Eyni zamanda Ermənistanın Konstitusiyasını dəyişib, Azərbaycana, qardaş Türkiyəyə qarşı ərazi iddialarından imtina etməsini istəyirik. Bu bizim haqqımızdır və Ermənistan da bunu artıq başa düşür. Bu yöndə siqnallar da artıq gəlməkdədir. Əbu-Dabi görüşü bir daha təsdiqlədi ki, üçüncü tərəflərin iştirakı olmadan biz bir çox məsələləri daha sürətlə həll edə bilərik. Görüşdən sonra verilən açıqlamalar deməyə əsas verir ki, tərəflər kifayət qədər konstruktiv müzakirə aparıb, mövqeləri yaxınlaşdırıb, anlaşa biliblər və bir-birilərini başa düşüblər. Əlbəttə ki, bu da sülh prosesini daha da yaxınlaşdırır. Gərək Ermənistan əvvəlki səhvlərini etməsin. Fransa, Rusiya və başqa-başqa dövlətlərin, erməni diasporunun ətəyindən yapışmasın, kilsənin ardınca getməsin, normal dövlət ağlı ilə davransın. Belə halda Azərbaycan ona bu vəziyyətdən çıxmağa ciddi yardım da edəcək. Yəni ağılla davranacaqları təqdirdə həm özlərinə, həm bizə, həm də bütövlükdə bölgəyə fayda vermiş olacaqlar. Əbu-Dabi görüşündə bu, yetərincə uyğun şəkildə izah edilib. Onlar da bunu başa düşüblər".

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
31
pravda.az

10Sources