EN

UNESCO-nun 47-ci sessiyasında İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib

UNESCO-nun
UNESCO-nun 47-ci sessiyasında İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib. 6–16 iyul 2025-ci il tarixlərində Parisdə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində müxtəlif tematik tədbirlər təşkil olunub. Bu tədbirlər arasında, 11 iyul tarixində İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr edilmiş xüsusi təqdimat yer alıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyinin və Trend Beynəlxalq İnformasoya Agentliyinin dəstəyi ilə keçirilən tədbir “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” mövzusuna həsr olunub. Tədbir zamanı mədəni irsin qorunması, bərpası, eləcə də irsin cəmiyyətə təqdimatı sahəsində beynəlxalq təcrübələr, müasir yanaşmalar və kommunikasiya strategiyaları müzakirə edilib, iştirakçılara İçərişəhərin bu sahədəki fəaliyyəti və əldə olunan nəticələri təqdim olunub. Tədbirdə UNESCO Baş Konfransının 42-ci sessiyasının prezidenti Simona-Mirela Mikulesku, Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou və digər beynəlxalq ekspertlər mədəni irsin təqdimatında medianın rolu, ictimai kommunikasiya vasitələrinin əhəmiyyəti və konservasiya sahəsində beynəlxalq yanaşmalara dair çıxış ediblər. Azərbaycan tərəfindən tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, tədbirə moderatorluq edən UNESCO yanında daimi nümayəndə Elman Abdullayev, İdarənin Beynəlxalq əlaqələr və protokol şöbəsinin müdiri Elsevər Məmmədov, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, və Trend İnformasiya Agentliyinin Baş direktorun müavini Elçin Ağacanov çıxış edərək mədəni irsin təqdimatında medianın rolu, ictimai kommunikasiya vasitələrinin əhəmiyyəti və konservasiya sahəsində beynəlxalq yanaşmalar, eləçə də İçərişəhərdə aparılan bərpa və konservasiya işləri, kommunikasiya layihələri, mədəni irsin cəmiyyətə inteqrasiyası istiqamətində görülən tədbirlər barədə məlumat veriblər. Tədbir Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması, bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi və ölkəmizin irs siyasətindəki mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli platforma olub.
Chosen
10
6
1news.az

8Sources