EN

Konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir

Əbu-Dabi görüşü dialoqun möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir

İyulun 10-da Prezident  İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Əbu-Dabi şəhərində Ermənistanın baş naziri Nikol Paşinyanla həm geniş tərkibdə, həm də təkbətək formatda görüş keçirdi. Bu görüş Azərbaycanın sülh və əməkdaşlıq gündəliyinin müəllifi olduğunu bir daha təsdiqlədi. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin Əbu-Dabi görüşünün yekunlarına dair yaydığı  məlumatda qeyd edilir ki,  görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqləndi və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırıldı. "Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar verildi. Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəldilər", - deyə o bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan hər zaman dialoq tərəfdarıdır. Ölkəmiz daim beynəlxalq hüquqa söykənərək konkret addımların atılmasının  zəruriliyini bildirir: "Tarixi zəfərimizdən dərhal sonra Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini edib. Bununla bağlı müxtəlif məkanlarda və müxtəlif tərkibdə görüşlər keçirilib və müəyyən nəticələr də əldə olunub. Hazırkı dövrdə aparılan danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, artıq  ikitərəfli danışıqlar formatı yaradılıb və  bu, normallaşma prosesinin həyata keçirilməsi üçün ən səmərəli formatdır. Hələ  30 illik işğal  dövründə Azərbaycan bu çağırışı edirdi ki, artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi məsələnin həlli prosesinin uzanmasına səbəb olur. Tərəflərin özlərinə qalsa,  problemin həlli çoxdan reallığa çevrilmişdi. Məsələnin həllində bilavasitə  vasitəçilik missiyasını yerinə yetirməli olan keçmiş ATƏT-in Minsk qrupunun  28 illik fəaliyyəti dövründə passivliyi bunu bir daha təsdiqləyirdi. Missiyasını regiona nəticəsiz səfərlərdə görən ATƏT-in Minsk qrupunun həmsədrləri daim belə bir çağırışı səsləndirirdilər ki, tərəflər özləri  məsələnin həllində razılağa gəlməlidirlər. Hər zaman bu sual yaranırdı ki, tərəflər özləri  razılığa gəlmək imkanında idilərsə, onda Minsk qrupunun fəaliyyətinə nə ehtiyac var idi?

Deputat qeyd edib ki, sülh prosesində artıq konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir: "Bir mühüm məqam odur ki, tarixi Zəfərimizdən sonra qarşılıqlı etimad mühitinin yaradılması əsas çağırışlardandır. Bu istiqamətdə mühüm addımlar atılmağa başlanıb. İyulun 10-da keçirilən görüşdə də  tərəflər etimad tədbirlərinin davam etdirməsinin vacibliyini bildirdilər. Dayanıqlı sülhün və təhlükəsizliyin  təmin edilməsinin əsas şərtlərindən biri qarşılıqlı etimad mühitinin yaradılmasıdır. Bu baxımdan birbaşa təmas sülh istiqamətində etibarlı dialoqun qurulmasına imkan verir. Azərbaycan bu görüşdə davamlı sülhün təmin olunması üçün ardıcıl və məsuliyyətli liderlik nümayiş etdirərək regional sabitlik və iqtisadi inkişafın bərqərar olunmasına töhfə verib. Azərbaycanın liderliyi sülh gündəliyini irəli aparmağa şərait yaradır. Dövlətimizin başçısı İlham Əliyevin ədalət və beynəlxalq hüquqa söykənən xarici siyasəti sülh gündəliyini real nəticələrə yaxınlaşdırır".

V.Rəhimzadə onu da qeyd edib ki, sülh sazişinin imzalanması üçün Azərbaycanın ədalətli şərtləri var. Ermənistan  öz konstitusiyasında əks olunan qonşu ölkələrə  qarşı ərazi iddialarını çıxarmalı,  keçmiş Minsk qrupunun ləğvi tələbi ilə ATƏT-ə müraciət etməlidir. Yalnız bu iki şərt yerinə yetirildikdən sonra  sülh sazişinin imzalanmasından danışmaq olar. "Əbu-Dabi görüşü Azərbaycanın sülh sazişinin imzalanmasında,  normallaşma prosesində təşəbbüskar, eyni zamanda əsas tərəf olduğunu bir daha təsdiqlədi. Görüş qarşılıqlı anlaşma və dialoqun möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan tərəfi konstruktiv mövqe nümayiş etdirərək sülh prosesində lider və təşəbbüskar olduğunu bir daha ortaya qoydu", - deyə o bildirib.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

1Sources