EN

Musleranın Argentina macərası məğlubiyyətlə başladı

Bu yay 14 illik ''Qalatasaray'' karyerasını başa vuraraq Türkiyədən ayrılan və Argentinanın köklü klublarından olan ''Estudiantes''ə transfer olunan Fernando Muslera yeni klubunda ilk rəsmi oyununa çıxıb.

Belə ki, Argentina superkuboku çərçivəsində kubokun son qalibi ''Estudiantes'' ilə son çempion ''Veles Sarsfild'' qarşılaşıb. Tanınmış qapıçı üçün yeni macəra heç də uğurlu başlamayıb.

''Estudiantes'' doğma meydanda oynamasına və ilk yarıda böyük üstünlüyə malik olmasına baxmayaraq fanatlarını sevindirə bilməyib. İkinci hissə isə güclü duman altında oynanılıb. Bu cür hava şəraitinə qonaqlar daha yaxşı uyğunlaşıblar. ''Veles Sarsfild'' fasilədən sonra vurduğu qollarla 2:0 hesablı inamlı qələbə qazanıb. Musleranın ilk buraxılan qoldan sonra hakimə etiraz etməsi və duman üzündən topu görmədiyini anlatmağa çalışması diqqət çəkib.

Oyunu cəmi 1 seyvlə tamamlayan 38 yaşlı qapıçı Argentina mətbuatı tərəfindən matçın ən zəif isimlərindən biri seçilib.

Maraqlıdı ki, Musleranın Türkiyə macərası da eyni cür başlamışdı. 2011/12-nin 1-ci turunda ''Qalatasaray'' onun ilk rəsmi oyununda ''İstanbul BŞ''yə 0:2 hesabı ilə uduzmuşdu. Ancaq sonradan bilindiyi kimi uruqvaylı qapıçı Türkiyə futbolunda əsil tarix yazmış və bir sıra rekordları yeniləmişdi.

1Sources