EN

Priqojin 2 azərbaycanlını “Vaqner”ə hansı ölkənin həbsxanasında cəlb edib?..


Elşad Həsənov: “Əliyev Ramil və Həsənov İsmayıl Rusiyada cinayət törədib həbs edildikdən sonra “Vaqner” dəstəsinə qoşulublar”

Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Əliyev Ramil Ramiz oğlu və 1974-cü il təvəllüdlü Həsənov İsmayıl Buludxan oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

İş materiallarından məlum olub ki, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədilib.

Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman “Vaqner” silahlı birləşməsinin rəhbəri olmuş Y.Priqojin tərəfindən şəxsən seçilərək cəzalarının icrasından yayındırılaraq, razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər.

Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak etmiş, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstərmişlər.

Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun, eyni zamanda Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.

Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Priqojin bu iki azərbaycanlını hansı ölkənin həbsxanalarında “verbovka” edib?

“Məhkəmə prosesi zamanı aydın olacaq ki, bu dəstəyə hansı həbsxanadan qoşulublar”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, “Vaqner” Rusiya prezidenti V.Putinin keçmiş aşbazının, sonralar isə iş adamı olmuş Priqojinin silahlı dəstəsi idi və bu dəstənin tərkibi əsasən cinayətkarlardan ibarət olub: “Bu silahlı dəstə cinayətkarlardan formalaşmışdı. “Vaqner”çilər xarici ölkələrdə, Suriyada, Konqoda və başqa yerlərdə döyüşlərdə iştirak edirdilər. Bu dəstə gəlib Rusiya-Ukrayna müharibəsində də iştirak etdi, sonra isə Rusiyaya, Putinin özünə qarşı silahlı çıxış etmək istədilər nəticədə də Priqojin və onun yaxın ətrafı məhv edildi. Qalan üzvlərinin də bir hissəsi Rusiya-Ukrayna müharibəsində döyüşlərə qatıldılar, bir hissəsi isə xaricə getdi. Əliyev Ramil və Həsənov İsmayıl da Rusiyada cinayət törədib həbs edildikdən sonra “Vaqner” dəstəsinə qoşulublar. Məhkəmə prosesi zamanı aydın olacaq ki, bu dəstəyə hansı həbsxanadan qoşulublar.

Hesab edirəm ki, onlar da bu dəstənin tərkibində xarici ölkələrə, o cümlədən də Ukranaya qarşı müharibədə iştirak ediblər. Sonra da Suriyada və başqa ölkələrdə olmaları haqda məlumatlar var. Yəni bunlar cinayətkar insanlardır və pul müqabilində döyüşlərdə iştirak ediblər. Çünki onlara böyük məbləğdə maaş verilirdi.

İndi bizi düşündürən sual odur ki, təkcə bu iki nəfərmi “Vaqner”in tərkibində olub. Hesab edirəm ki, bu dəstənin tərkibində daha çox sayda azərbaycanlı olub, onlar da o döyüşlərdə iştirak ediblər.

Rusiya-Ukrayna müharibəsi başlayanda Rusiyada rəsmi qərar qəbul etdilər ki, həbs düşərgələrində olan insanlar könüllü olaraq cəbhəyə gedərlərsə həbs cəzasının çəkilməmiş hissəsindən azad olunacaqlar, döyüşlərdə iştirak edərlərsə orden-medallarla təltif ediləcəklər. Yəni bütövlükdə onların məhkumluğu ləğv olunacaq. Yəni belə şirnikləndirici metodlarla həbs düşərgələrində olan insanları döyüş cəbhəsinə apardılar, təbii ki, onların da çoxu həlak oldu”.

E.Həsənovun sözlərinə görə, görünür, bizim həmyerlilərimiz döyüşlərdə iştirak ediblər, amma sağ qalıblar. “Belə insalar da respublikada təhlükə mənbəyidirlər. Onlar keçmiş dostlarından aldıqları tapşırıqlar əsasında Azərbaycanda da müəyyən mənada qarşıqlıq yarada, müəyyən işlər görə bilərlər. Ona görə DTX-nin əməkdaşlarının həyata keçirdiyi bu əməliyyat yüksək qiymətləndirilir. Hesab edirəm ki, Azərbaycan ərazisində olan digər “vaqner”çilər də həbs olunub cinayət məsuliyyətinə cəlb ediləcəklər”-deyə E. Həsənov bildirdi.

İradə SARIYEVA

Chosen
11
baki-xeber.com

1Sources