Yay fəslinin ikinci ayıdır. İyul yarı olur. Amma hələ də ölkədə hər kəs hava durumundan şikayətçidir. Yayı istirahət və tətil üçün fürsət bilənlər bundan yararlanmaqda çətinlik çəkir. Çünki hava şəraiti əlverişsizdir.
Azərbaycanda əhalinin xeyli hissəsi isti aylarda Xəzər sahillərində dincəlməyə üstünlük verir. Artıq neçə həftədir bu fürsət də əldən çıxır – ya temperatur aşağı düşür, ya da külək insanların istəyini reallaşdırmağa imkan vermir.
Globalinfo.az-a danışan ekoloq Ənvər Əliyev deyib ki, bəli, hələlik çimərlik mövsümünün tam açıldığını demək olmaz.
Onun sözlərinə görə, bu, yalnız dənizlə məhdudlaşmır – ölkəmizdə çaylarda, su anbarlarında və kanallarda da insanlar üzmək istəyirlər:
“Lakin bunun üçün şərait hələ tam formalaşmayıb. Suyun temperaturu aşağıdır. Digər tərəfdən, əvvəllər dayaz olan bəzi su hövzələri indi həddindən artıq doludur və bu, dərinliyin artmasına səbəb olub. Belə vəziyyətlər təhlükəlidir, insan həyatını riskə atır. Bəzi regionlarda, xüsusilə kanallar ətrafında insanların suda üzməsi halları müşahidə olunur. Bu isə müvəqqəti və qeyri-rəsmi çimərlik fəaliyyəti sayılır. Dənizdə də eyni problem var – su hələ kifayət qədər istiləşməyib. Adamlar dənizə daxil olanda bəzən bədən temperaturu və müqavimət aşağı olur. Bu, əsasən dərin sularda qıcolmalara və faciəvi nəticələrə səbəb ola bilər”.
Ekoloqun dediklərinə görə, suda təhlükə həmişə aktualdır:
“Ən təhlükəli məkanlardan biri elə sudur. Su ilə ehtiyatsız davranmaq bəzən insan üçün ölümcül nəticələr doğura bilir. Dəniz, çay və digər su hövzələrinin sahillərində təhlükəsizlik tədbirləri yetərincə deyil, infrastruktur isə çox zəifdir. Ən acınacaqlısı isə odur ki, Azərbaycan Xəzər sahillərinin 825 kilometrlik sahil xəttinə sahib olsa da, yalnız cüzi bir hissəsi çimərlik istifadəsi üçün şəraitlidir. Tutaq ki, bunun 800 kilometri istifadəyə yararlıdırsa, biz sadəcə 8-10 kilometrlik ərazidə real çimərlik infrastrukturu formalaşdıra bilmişik. Bu isə ciddi iqtisadi itkilərə səbəb olur”.
İqlimşünas Məhərrəm Mehdiyev bildirib ki, çimərlik mövsümünün gecikməsi təkcə hava ilə yox, xidmət sektorunun vəziyyəti ilə də bağlıdır:
“Dənizdən qazanc əldə edən bəzi sahibkarların davranışları insanları narahat edir. Bu sahədə çalışanlar çox zaman əhalinin ehtiyacını deyil, yalnız qazancı düşünür. Təəssüf ki, halallıq anlayışı, münasib qiymət və əlçatan xidmət prinsipi əksər hallarda gözlənilmir. Yəni bu gün bizdə – Azərbaycanın çimərliklərində halallıq deyilən anlayışa rast gəlmək çətindir. Bunu bilmədiklərinə görə, yayımız da belə keçir, dənizimiz də belə olacaq. Axı, günəş, hava, su bizə Allah tərəfindən verilib”.
Müsahibimizin dedikləri bu vəziyyəti daha dərindən təsvir edir:
“Hazırda 75 yaşım var. 12 yaşından Xəzər dənizinə gedib-gəlmişəm. O vaxtlar dəniz bizim idi, ödəniş etmirdik. İndi isə həmin dənizə girmək üçün pul ödəməliyik. Allahın verdiyi sərvətə qiymət qoymaq, insanlara maneə yaratmaq insafsızlıqdır. Belə halların qarşısı alınmalıdır. Dəniz xalqındır, bu xalq niyə öz dənizinə pulla buraxılır?”
M.Mehdiyev bildirir ki, dənizə girişin ödənişli olması təkcə maddi deyil, həm də mənəvi narahatlıq yaradır:
“Bu gün yay gəlib, dəniz suyu 21-22 dərəcədir, çimmək üçün tam uyğundur. Amma insanlar ya havadan, ya da xidmət səviyyəsindən, ya da ödəniş edilməsindən narazı qalıb dənizdən uzaq durur. Dəniz təkcə yayda yox, ilboyu istifadə olunur. Xidmət sahibləri bu xalq haqqında düşünsünlər. Bu dəniz hamımızındır!”