EN

Mile Svilar daha 5 il “Roma”da

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Roma” klubu qapıçısı Mile Svilar ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verrir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

25 yaşlı serbiyalı futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayınadək nəzərdə tutulub. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2027-ci ilin 30 iyununda bitəcəkdi.

“Roma” Mile Sviları 2022-ci ilin yayında Portuqaliyanın “Benfika” klubundan azad agent kimi heyətinə cəlb etmişdi. Həmin vaxt qolkiperlə 5 illik müqavilə bağlanmışdı.

Mile Svilar Belçikanın “Anderlext” klubunun yetirməsidir. O, 2017-ci ildən “Roma”ya keçənə qədər “Benfika”da çıxış edib. Daha çox klubun əvəzedici komandasında forma geyinmiş qolkiper, əsas komandada cəmi 23 matça çıxıb. Belçikada anadan olduğu üçün bu ölkənin U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında oynamış futbolçu, 2021-ci ildə fərqli bir qərar qəbul edərək Serbiyanın əsas yığmasını seçib. O, Serbiya yığmasında rəsmi oyuna da çıxıb.

Svilar 2024/2025 mövsümündə meydana çıxdığı 51 oyunda 51 qol buraxıb, 19 matçda qapısını toxunulmaz saxlayıb. “Canavarlar” 2025-ci ildə A Seriyasında 11 qarşılaşmada qol buraxmayıb, bu da Avropanın Top-5 çempionatında ən yüksək göstəricidir. Mile Svilar mövsümün sonunda A Seriyasının ən yaxşı qapıçısı seçilib.

Serbiyalı qolkiper “Roma”da ümumilikdə 85 oyuna çıxıb, 88 qol buraxıb, 30 matçda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Chosen
16
arena.az

1Sources