EN

Deputatdan Əbu-Dabi görüşü barədə: “Qlobal güclərin müdaxilə imkanları məhdudlaşır”

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə keçirilən görüşünü şərh edib.

Musavat.com xəbər verir ki, deputat görüşün vasitəçisiz keçirilməsinə diqqət çəkib:

“Məlum olduğu kimi, 10 iyul 2025-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında görüş keçirilib.

Bu barədə verilən rəsmi məlumata görə, görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib. İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Tərəflər həmçinin, iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb. Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

MESİM.jpg

Vasitəçisiz Azərbaycan-Ermənistan dialoqu daha perspektivli görünür. Bu kontekstdə Əbu-Dabi görüşü formatı bu prosesdə öz maraqları ola biləcək vasitəçinin, üçüncü tərəflərin müdaxiləsi olmadan birbaşa dialoq yolu ilə münasibətlərin normallaşdırılmasına aparır.

Əbu-Dabi görüşü Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin imzalanmasında və yaşadığımız regionda dayanıqlı sülhün təmin edilməsində qərarlılığının konstruktiv şəkildə nümayiş etdirilməsi, qlobal güclərin regiona müdaxilə imkanlarının məhdudlaşdırılması, problemlərin dialoq yolu ilə həllindəki israrlılığın ortaya qoyulması, əsas məqsədi olan böyük sülh sazişinin bağlanmasına aparan Yol Xəritəsinin müəyyənləşməsinə konstruktiv əsasların yaranması, növbəti görüşlərdə sülh müqaviləsinin imzalanması istiqamətində daha rassional və nəticəli addımarın atılmasına yaxşı zəminin formalaşdırılması və sair bu kimi məqamlar baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.

Görünən budur ki, hazırkı vəziyyətdə regionumuzda davamlı, dayanıqlı və dönməz sülhə nail olmaq üçün tarixi fürsət yaranıb və ondan faydalanmaq obyektiv zərurətə çevrilib. Belə şəraitdə birbaşa ikitərəfli format əsasında keçirilən bu görüşə qarşı birbaşa çıxış etmək mümkün deyil və təbii surətdə dəstəklənir”.

Ə.Məsimli vurğulayıb ki, görüşü alqışlayanlarla yanaşı, hələlik açıq deyilməsə də, bu görüşdən narahat olan və qıcıqlanan ölkə, tərəf və qüvvələr də var:

“İçindəkiləri birbaşa açıq deməsələr də, öz klassik üsulları ilə əndişələrini artıq yaymağa başlayıblar. Ona görə də Əbu-Dabi görüşü sülh üçün müsbət və çox zəruri addım olsa da, bu görüşü böyük sülhə aparan prosesdə real və etibarlı dönüş nöqtəsinə çevirməkdən ötrü əldə edilən razılaşmaların məntiqi davamı və yekun nəticəsi kimi böyük sülh sazişin imzalanması və gerçəkləşməsi yolunda gözlənilə bilən bir sıra maneələrin aradan qaldırılmasını zəruri edəcək. Bu kontekstdə sülhə aparan yolda Azərbaycanla Ermənistanın çağırışlara koordinasiya edilmiş cavabların verilməsi, siyasətin müəyyən məqamlarının uzlaşdırılması və sülh müqaviləsinin bağlanması üçün mövcud maneələrin optimal variantlarda aradan qaldırılması və sair bu kimi məsələlərin qabaqlayıcı və digər üsullarla həlli üçün xeyli səy göstərməsi lazım gələcək”.

O ki qaldı görüşdə müzakirə olunan digər məsələlərə, deputatın fikrincə, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan məqamların dəyişdirilməsi müəyyən qədər vaxt aparan məsələ olsa da, prinsipial razılıq əldə edilən məsələlərin - sərhədlərin delimitasiyası sahəsində, eləcə də Zəngəzur dəhlizinin açılması və sülh sazişi ilə bağlı işlər daha geniş planda davam etdiriləcək:

“Zəngəzur dəhlizinin açılması və kommunikasiya mövzusunun multiplikativ effekti Azətbaycan və Ermənistana faydası ilə yanaşı, regional və qlobal miqyasda bir sıra istiqamətlərdə real nəticələrin əldə edilməsinə gətirib çıxaracaq: kommunikasiyalar mövzusunun, o cümlədən Zəngəzur dəhlizinin açılmasının tərəfdarlarının prosesə dəstəyi güclənəcək; sülh perspektivlərinin gücləndirilməsini sürətləndirəcək; böyük sülh sazışının bağlanması ilə bağlı zəruri olan məsələlərin həllini asanlaşdıracaq; hətta bu yöndə atılan addımların məntiqi nəticəsi kimi bir sıra məsələlərin öz- özünə həllinə də gətirib çıxaracaq.

Əbu-Dabi görüşü göstərdi ki, Azərbaycanın davamlı sülh çağırışları addım-addım öz bəhrəsini verməkdədir. Ermənistan da Azərbaycanla olan münasibətdə məsələlərin konstruktiv dialoqa əsaslanan sülh yolu ilə həllində sərgilədiyi hazırkı realist maraqlarına davamlı xarakter vermək yolunda siyasi iradə nümayiş etdirsə və ardıcıllıq göstərsə, Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsinin bağlanması məsələsi gerçəkləşəcək. Bu isə təkcə iki ölkəyə fayda gətirməklə məhdudlaşmayacaq, Cənubi Qafqazda tamamilə yeni bir reallıq yaradacaq ki, regiona proqnozlaşdırıla bilən dayanıqlı sülh, sabitlik, əmin-amanlıq və sürətli tərəqqi gətirəcək”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
24
50
musavat.com

10Sources