EN

Ədəbi tənqidimizin səssiz səsi: ABDULLA SUR

Cəmilə Niyaz qızı

AMEA Folklor İnstitutu

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin unudulmuş səhifələrinə yeni baxış zərurəti yarandı. Bu gün həm elmi dairələrdə, həm də oxucu auditoriyasında maraq doğuran simalardan biri də XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış Abdulla Sur Məmmədzadədir.

Romantik ədəbi düşüncənin görkəmli nümayəndəsi kimi tanınan A. Sur yalnız şair və publisist kimi deyil, həm də tənqidçi və alim obrazı ilə yadda qalmışdır. Lakin uzun illər sovet senzurasının yaratdığı "beynəlmiləlçilik" şüarları onun irsinin dolğun şəkildə araşdırılmasına mane olmuşdur. İndiki mərhələdə isə onun yaradıcılığı həm tədqiqatçılar, həm də ədəbiyyatsevərlər üçün yeni bir xəzinədir.

Abdulla Surun "Türk ədəbiyyatına bir nəzər" adlı əsəri, eləcə də "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət" kimi mətbu orqanlarda dərc olunan məqalələri onun dərin elmi təfəkkürə və vətənpərvər baxışa malik bir ədib olduğunu sübut edir. O, həm də dövrün görkəmli ədəbiyyatşünasları - F.Köçərli, A.Şaiq kimi ziyalılarla yazışmaları və ədəbi müzakirələrdə iştirakı ilə fərqlənib. Cəmi 29 il ömür sürməsinə baxmayaraq, Abdulla Surun ədəbi və elmi irsi 9-10 cildlik əsər həcminə bərabərdir.

Ən böyük xidmətlərindən biri isə min səhifəlik "Türk ədəbiyyatına bir nəzər" əsəridir. Təəssüf ki, bu dəyərli tədqiqat tam şəkildə günümüzə gəlib çatmayıb. Ancaq onun qalıqları belə göstərir ki, Sur ümumtürk ədəbiyyatına geniş yanaşma ilə nəzər salmış, təkcə Azərbaycan deyil, digər türk xalqlarının ədəbiyyatını da bir sistem halında təqdim etmişdir.

O, dövrünün digər romantiklərindən fərqli olaraq ədəbi tənqid və elmi təhlilə daha çox önəm vermişdir. Ədəbi irsimizin dərin qatlarına enərək klassik ədəbiyyatımızı, xüsusilə də Füzuli irsini tədqiq etmiş, bu sahədə novator yanaşmalarla çıxış etmişdir.

Ən çox istinad edilən tənqidi məqalələrindən biri "Füzuliyə bir nəzər"dir. Burada o, Füzulini ilk dəfə açıq şəkildə "Azərbaycan şairi" kimi təqdim edir və onun poeziyasındakı elmiliklə səmimiliyin vəhdətini poeziyanın əsas elementi hesab edir. Eyni zamanda, Sur həcvləri sənətin ruhuna zidd sayır və klassik poeziyanın etik dəyərlərinə sadiq qalır. Abdulla Surun "Füzuliyə bir nəzər" əsəri klassik şairimizin təkcə şair deyil, həm də böyük bir alim kimi təqdim olunmasında əhəmiyyətli rol oynamışdır. A.Sur Füzulinin həm Azərbaycan, həm də ümumtürk ədəbiyyatında yerini müəyyənləşdirməyə çalışmışdır. Bu əsərdə tənqidçi Füzulinin poetikasını, istifadə etdiyi sözlərin bu günkü dilimizdə işlənib-işlənmədiyini, məcazlarla zəngin poetik sistemini incəliklə təhlil edir. O yazırdı: "Füzuli yalnız nəzmən yazmadı, asari-mənsurəsi də vardır. "Şikayətnamə"silə "Hədiqətüs-Şüəda"sı o cümlədəndir".

Abdulla Surun publisistikasında milli oyanış, mənəvi dəyərlər və mədəni özünüdərk ön planda dayanır. Onun Sənan və Nigar xanıma həsr etdiyi yazılar, təhlil və şərhləri bu gün də aktual olaraq qalır. O, ədəbi fikrin təkcə gözəllik axtarışı deyil, həm də maarifçilik, ictimai şüurun formalaşması vasitəsi olduğunu dərk edən ilk ziyalılardandır. Abdulla Surun xüsusilə qadın şairlərə verdiyi dəyər də diqqətəlayiqdir. O, "Nigar xanım" haqqında yazdığı məqaləsində onun poetik gücünü və Türk kimliyi ilə fəxr etməsini vurğulayaraq bu qadın şairin ədəbiyyatda mövqeyini təqdir edir.

Publisistikasında isə pedaqoji ideyalar xüsusi yer tutur. O, təhsilin ailədən başlamalı olduğunu, qadınların maarifləndirilməsinin vacibliyini, ana dilində tədrisin üstünlüklərini vurğulayırdı. "Əski İstanbul xanımları", "Uşaqlar klubu", "Ana dilində təhsil məsələləri" kimi məqalələr onun düşüncə dərinliyini və qabaqcıl mövqeyini əks etdirir.

Eyni zamanda, o, erməni millətçilərinin fitnələrinə qarşı çıxır, cəmiyyətin sabitliyinə təhdid yaradan qüvvələri tənqid edir və "Xoruzun quyruğu görünməyə başladı" adlı məqaləsində ictimai təhlükələrə qarşı xəbərdarlıq edirdi.

Şair kimi isə onun romantik mənsur şeirləri - "Şərqdə şəfəq sökülərkən", "Günəş doğduqdan sonra" və "Sərnigün ümidlər" - böyük sənətkarlıqla yazılıb, Qərblə Şərqin müqayisəsində yeni maarifçi yanaşma təqdim edir. Təbiət obrazlarını insan psixologiyası ilə birləşdirən təsvirlər isə onu digər romantiklərdən fərqləndirir.

Alim-şairin ən qiymətli keyfiyyətlərindən biri də onun elm ilə poeziya arasında körpü yaratmaq bacarığıdır. O, Sinan Paşanın elmi biliklərinin onun şeiriyyatında necə özünü göstərdiyini tədqiq edir və belə qənaətə gəlir: "Yüksək elm sahibi olmaq poeziyada da yüksəlişə səbəb olur".

Abdulla Surun elmi-ədəbi irsi bu gün də aktualdır. Onun ədəbiyyatşünaslığımıza gətirdiyi baxış bucağı, obyektiv və dərin təhlilləri, klassiklərə münasibətdə tutduğu məsuliyyətli mövqe Azərbaycan tənqidinin inkişafında silinməz iz buraxmışdır. Onun əsərlərinin yenidən nəşr olunması, gənc tədqiqatçılar tərəfindən geniş şəkildə öyrənilməsi və təbliği bu böyük romantikin layiq olduğu dəyərləndirməni qazanmasına səbəb olacaqdır.

Əldə edilən tədqiqat nəticələri göstərir ki, Abdulla Sur yalnız XX əsr tənqidinin başlanğıc mərhələsində deyil, ümumilikdə Azərbaycan ədəbi düşüncə tarixində əhəmiyyətli bir mərhələnin qurucusudur. Bugünkü elmi-metodoloji yanaşma və arxiv sənədləri əsasında aparılan tədqiqatlar bir daha sübut edir ki, Abdulla Surun tənqidçi, alim və publisist kimi fəaliyyəti ədəbiyyat tariximizdə yenidən və layiqincə qiymətləndirilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
30
olaylar.az

1Sources