EN

Əbu-Dabi görüşü: Azərbaycan sülhün təşəbbüskarı kimi öndədir – ŞƏRH

Bakı, 11 iyul, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda sülhə doğru atılmış növbəti vacib addım kimi dəyərləndirilir. Görüşün konstruktiv, qarşılıqlı anlaşma ruhunda keçməsi onu göstərdi ki, tərəflər artıq real nəticələr naminə irəliləmək niyyətindədir. Azərbaycan bu prosesdə ilk gündən etibarən qəti və prinsipial mövqe nümayiş etdirib. Vətən müharibəsində tarixi Zəfər qazandıqdan sonra Prezident İlham Əliyev qalib ölkənin rəhbəri kimi revanşizmə deyil, məhz sülhə üstünlük verdiyini açıq şəkildə bəyan edib. O vaxtdan bəri ölkəmiz beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı hörmətə əsaslanan sülh gündəliyini irəli sürür. Azərbaycanın təklif etdiyi beş əsas prinsip- qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin müəyyənləşdirilməsi, dövlətlərin daxili işlərinə qarışmamaq, kommunikasiyaların açılması və digər fundamental yanaşmalar bu gün bölgədə sabitliyin bərqərar olması üçün möhkəm əsas yaradır. Bu prinsiplər sadəcə siyasi deyil, həm də insani dəyərlərə söykənir. Çünki söhbət milyonlarla insanın sabitlik, təhlükəsizlik və normal həyat şəraiti arzusundan gedir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyov söyləyib.

BƏƏ-də keçirilən görüşün məkanının da təsadüfi olmadığını vurğulayan ekspert bunun Azərbaycanın həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı və balanslı tərəfdaş kimi qəbul edildiyinin göstəricisi olduğunu vurğulayıb: "Azərbaycan nəinki dialoqa açıqdır, hətta bu dialoqun təşəbbüskarına çevrilib. Bu gün beynəlxalq ekspertlər də etiraf edirlər ki, Cənubi Qafqazda sabitliyə aparan yolun xəritəsini məhz Azərbaycan cızır. Görüş zamanı diqqətçəkən məqamlardan biri də odur ki, artıq müzakirələrdə keçmişdəki ziddiyyətli, manipulyativ mövzular əvəzinə konkret məsələlər – sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh müqaviləsinin hazırlanması kimi real addımlar ön plana çıxarılıb. Bu isə onu göstərir ki, Azərbaycanın irəli sürdüyü gündəlik artıq tərəflər və vasitəçilər üçün əsas hərəkət planına çevrilib. Prezident İlham Əliyev bütün çıxışlarında vurğulayır ki, Azərbaycan sülhə hazırdır və bu istiqamətdə iradəlidir. Eyni zamanda, qətiyyət, milli maraqlara sadiqlik və uzaqgörənlik dövlətimizin başçısına həm xalqın dəstəyini qazandırıb, həm də beynəlxalq aləmdə hörmət doğurub. Bu liderlik təkcə siyasi səviyyədə deyil, insani müstəvidə də sülhə inam yaradır. Sülh sadəcə imzalanacaq bir sənəd deyil, bu, uzun və çətin, lakin zəruri bir yoldur. Bu yolda addımlayan liderlərdən qətiyyət, soyuqqanlılıq və strateji baxış tələb olunur. Prezident İlham Əliyev bu keyfiyyətləri bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan öz sözünü deyir, məsuliyyət daşıyır və sabit gələcək naminə real addımlar atır. Əgər bu yol qarşı tərəfdən də anlayışla qarşılanarsa, Cənubi Qafqazda gərginlik və qarşıdurma dövrü başa çata, əməkdaşlıq və inkişaf mərhələsinə keçid başlaya bilər", - deyə V. Əlibəyov qeyd edib.

 

 

Chosen
16
1
azertag.az

2Sources