EN

Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər sertifikasiyaya cəlb olunacaqlar

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub-saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların davamlı peşəkar inkişafının (bundan sonra - DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçiriləcək.

DPİ praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən akkreditasiya olunmuş elmi və (və ya) tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və (və ya) müstəqil DPİ fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanması yolu ilə həyata keçiriləcək.

DPİ üzrə elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ fəaliyyətinin kredit ekvivalenti, həmin kreditlərin təsdiqlənməsi üçün lazım olan sənədlər və hesablanmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

DPİ üzrə beş il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş minimum krediti toplayan və ya sertifikasiya imtahanından keçən şəxslərə sertifikasiya şəhadətnaməsi (bundan sonra - şəhadətnamə) veriləcək.

Şəhadətnamə beş il müddətində etibarlı olacaq. Minimum krediti toplamayan şəxslər praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün sertifikasiya imtahanından keçməli olacaqlar.

Sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsiz olacaq. Sınaq imtahanında iştirak könüllü olacaq və onun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Sertifikasiya imtahanında iştirak edən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir.

Tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində şəhadətnamə tələb olunmayacaq.

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.

Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə biləcək.

Bundan başqa, həkimlik və əczaçılıq fəaliyyəti üçün yeni tələblər müəyyənləşib.

Dəyişikliyə əsasən, azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş tibb mütəxəssisləri, o cümlədən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və sertifikasiya imtahanı verdikdən sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
6
oxu.az

10Sources