BAKI, 6 iyul. TELEQRAF
Fələstinin Əl Xəlil (Hebron) bölgəsinin şeyxləri öz əmirliklərinin tanınması müqabilində İsraillə sülh bağlamaq təşəbbüsü ilə çıxış ediblər.
Teleqraf xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Qeyd olunur ki, Şeyx Vadi əl-Cəbari şəhərin Fələstin Muxtariyyətinin nəzarətindən çıxarılmasını təklif edib. O, digər dörd şeyxlə birlikdə İsrailin İqtisadiyyat naziri Nir Barkata məktub göndərərək, onu baş nazir Benyamin Netanyahuya çatdırmağı xahiş edib.
Məktubda şeyxlər “Hebron əmirliyi”nin yaradılmasını və İsrailin BƏƏ, Bəhreyn, Sudan və Mərakeş ilə münasibətlərinin normallaşdırılmasına dair 2020-ci ildə imzalanmış “İbrahim razılaşmaları”na qoşulmağı təklif ediblər. Bunun müqabilində onlar İsraildən “Hebron Əmirliyi”ni regionun ərəb əhalisinin rəsmi nümayəndəsi kimi tanımasını tələb edirlər.