
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Ermənistan parlamentinin spikeri Alen Simonyanı ikinci dəfə məhkəməyə verib.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə “Datalex.am” məhkəmə informasiya portalı məlumat yayıb.
İddia ərizəsində Köçəryan “Telegram” kanalında dərc etdiyi bəyanatlara görə, Simonyanın ictimai şəkildə üzr istəməsini, həmçinin, bu bəyanatları təkzib etməsini tələb edir.
Köçəryanın sözlərinə görə, yayılan məlumatlar yalan və əsassızdır, onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirir.
O israr edir ki, Simonyan həm “Telegram”da, həm də “Facebook” səhifəsində üzrxahlıq və təkzib yazsın. İddia təmin edilərsə, spiker aşağıdakı mətni dərc etməli olacaq:
“Əvvəllər mən keçmiş prezident Robert Köçəryanın şərəf və ləyaqətini ləkələmək məqsədi ilə onun ünvanına təhqiramiz ifadələr işlətmişdim. Buna görə təəssüflənirəm və üzr istəyirəm”.