EN

Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyatlar davam edir

BAKI, TurkicWorld

Türkiyədə kibercinayətkarlığa qarşı əməliyyatlar keçirilib.

TurkicWorld xəbər verir ki, Türkiyənin daxili işlər naziri Ali Yerlikaya son bir həftə ərzində ölkə üzrə keçirilən kibercinayətkarlıq əməliyyatları çərçivəsində 346 nəfərin saxlanıldığını, onlardan 99-nun həbs edildiyini bildirib.

Nazir sosial şəbəkə paylaşımında bildirib ki, 21 vilayətdə keçirilən əməliyyatlar onlayn uşaq istismarı , fırıldaqçılıq, qanunsuz mərc oyunları və oğurluq kimi cinayətləri əhatə edib. Şübhəlilərin sosial media vasitəsilə insanları aldatdığı, saxta avtomobil icarəsi və bungalov kirayəsi saytları qurduğu, qanunsuz mərc platformalarını idarə etdiyi və mobil bank hesabları üzərindən qazanc əldə etdiyi müəyyən edilib.

Əməliyyatlar çərçivəsində 6 sənədsiz silah, müxtəlif növ narkotik vasitələr və cinayət yolu ilə əldə edildiyi güman edilən 22 milyon 800 min lirəlik əmlak – o cümlədən avtomobil və bir iş yeri də müsadirə olunub.

Qeyd edək ki, əməliyyatlar Respublika Baş Prokurorluğu, Təhlükəsizlik Baş İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi, vilayət polis idarələri və Maliyyə Cinayətləri Araşdırma Şurası (MASAK) tərəfindən koordinasiyalı şəkildə həyata keçirilib. Nazir Yerlikaya prosesdə iştirak edən bütün qurumlara təşəkkür edib və vətəndaşlara kibercinayətkarlığa qarşı xəbərdarlıq edib.

Chosen
17
turkic.world

1Sources