EN

Ordubadda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirildi - Fotolar

2025-ci il iyulun 10-da Ordubad Rayon İcra Hakimiyyətində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi, dosent Elbrus İsayev, AMEA Naxçıvan bölməsinin əməkdaşı – Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi, dosent Aytən Cəfərova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ordubad rayonundan seçilmiş deputatı, Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri, idarə və təşkilat rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayon ziyalıları və Ordubadda məskunlaşmış Qərbi Azərbaycan əsilli vətəndaşlar iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli bildirib ki, son illər Qərbi Azərbaycana dair həqiqətlərin sistemli şəkildə araşdırılması və dünya ictimaiyyətinə çatdırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib.

Bu istiqamətdə nəşr edilən “Qərbi Azərbaycan irsi” kitabı tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyətə malikdir. İcra başçısı qeyd edib ki, azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Eyni zamanda vurğulanıb ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpası istiqamətində həyata keçirilən siyasətin mühüm istiqamətlərindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin reallaşması regional kommunikasiya xətlərinin bərpasına, tarixi yaddaşın dirçəldilməsinə və Qərbi Azərbaycana qayıdış prosesinin daha möhkəm hüquqi-siyasi əsaslarla qurulmasına geniş imkanlar yaradacaq.

Bildirilib ki, ölkə başçısının 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla keçirdiyi görüş eyni zamanda Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının formalaşdırılması və bu istiqamətdə fəaliyyətlərin sistemli xarakter alması baxımından da mühim dönüş nöqtəsi olub.

Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Elbrus İsayev çıxışında bildirib ki, “Qərbi Azərbaycan irsi” kitabının nəşri mühüm elmi, tarixi və ideoloji hadisədir. Bu nəşrlər yalnız bir bölgənin deyil, ümumilikdə xalqımızın tarixi yaddaşının bərpasına, sistemləşdirilməsinə və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

O qeyd edib ki, bu kitabda həm etnoqrafik, həm toponimik, həm də demoqrafik məlumatlar dəqiq və faktlara əsaslanaraq təqdim olunur ki, bu da onun elmi əsaslarla öyrənilməsini zəruri edir. Vurğulanıb ki, Qərbi Azərbaycan ərazisində bir vaxtlar mövcud olmuş mədəniyyət nümunələrinin – məscidlərin, məktəblərin, körpülərin, qəbiristanlıqların və digər maddi-mədəni irs abidələrinin ermənilər tərəfindən dağıdılması bir xalqın tarixdən silinməsi məqsədi güdən vandalizmin bariz nümunəsidir. Lakin bu kitablar vasitəsilə həmin abidələrin sənədləşdirilməsi, coğrafi yerləşməsinin, tarixi xüsusiyyətlərinin göstərilməsi onları yaddaşımızda yaşadır və gələcəkdə reallaşacaq qayıdışın ideoloji bazasını formalaşdırır.

Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova çıxışında “Qərbi Azərbaycan irsi” kitabının ictimai hesabatlılıq və milli kimliyin qorunması baxımından mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, kitabda əksini tapan dağıdılmış qəbiristanlıqlar – bütövlükdə bir xalqın yaddaşına, mənəviyyatına, keçmişinə vurulmuş zərbənin sübutudur.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan əsilli və hazırda Ordubadda yaşayan Valeh Mirzəyev qeyd edib ki, o, Qafan rayonunun Baharlı kəndində anadan olub. Təəssüf ki, bu gün həmin kəndin izi belə qalmayıb.

“Baharlı kəndimizin qəbiristanlığı və digər mədəni-tarixi abidələri ermənilər tərəfindən tamamilə məhv edilib. Biz ata-baba torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayırıq”, – deyə vurğulayıb.

Sonda “Qərbi Azərbaycan irsi” kitabının I cildi əsasında hazırlanan sənədli film nümayiş olunub.









Chosen
29
3
qafqazinfo.az

4Sources