Türkiyə çempionu ''Qalatasaray'' iki futbolçu ilə yollarını ayırıb.
Daha doğrusu, onlardan birinin müqaviləsi ləğv olunubsa, digəri növbəti dəfə icarəyə verilib. Söhbət Taylan Antalyalı ilə Xəlil Dərvişoğludan gedir. 30 yaşlı Antalyalı ''Cim-Bom''a 2019-cu ildə sərbəst oyunçu statusunda gəlmişdi. O, bu klubda ümumilikdə 102 rəsmi oyun keçirərək aktivinə 2 qol, 8 məhsuldar ötürmə yazıb. Amma ''sarı-qırmızılar''ın son illərdəki uğurlarında Taylanın rolu olmuyub. Çünki təcrübəli futbolçu son 3 mövsümü ''Ankaragücü'', ''Samsunspor'' və ''Bodrum''da icarədə keçirib. Onun hələ birillik müqaviləsi qalmışdı. Amma tərəflər qarşılıqlı razılıq yolu ilə müqaviləni ləğv ediblər.
Xəlil Dərvişoğluya gəlincə, bu futbolçu ''Çaykur Rizəspor''a birilliyə icarəyə verilib. Bir ara Türkiyə yığmasına da dəvət olunan 25 yaşlı forvard ''Qalatasaray''a ilk dəfə hələ 2021-ci ildə gəlib. İlyarım icarə əsasında top qovduqdan sonra İstanbul nəhəngi onu 2023-də daimi əsasda transfer etdi. Amma həmin vaxtdan bu yana o, klubda cəmi 6 ay keçirib. 2023/24-ün ikinci dövrəsini icarə əsasında ''Hatayspor''da, ötən mövsümü isə ''Qaziantep''də keçirən Xəlil göründüyü kimi ardıcıl 3-cü dəfə icarəyə verilib.
O, ötən mövsüm ''Qaziantep''də 33 rəsmi oyunda aktivinə yalnız 3 qol yaza bilmişdi. Bu futbolçunun ''Qalatasaray''la 2027-ci ilə qədər müqaviləsi var.