EN

Birgə təlim, ortaq güc: Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı genişlənir

Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə pilotsuz uçuş aparatları (PUA) sahəsində “Tərlan-2025” birgə taktiki-uçuş təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, manevr Azərbaycanda keçirilir.
Bildirilib ki, təlim rəhbərləri mərasimdə iki ölkə arasında keçirilən birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar. Azərbaycan - Qazaxıstan hərbi əməkdaşlığının möhkəmləndirilməsində bu təlimin xüsusi rola malik olduğu bildirilib. Daha sonra ssenariyə uyğun olaraq, şəxsi heyət qarşıya qoyulan tapşırıqların mərhələlər üzrə uğurla icrasına başlayıb.

Hərbi ekspert  Ədalət Verdiyev Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi təcrübə ilə müasir döyüş taktikasının və texnologiyasının effektiv tətbiqində dünya hərb tarixinə yeni yanaşma bəxş edib:

 “Xüsusilə Pilotsuz Uçuş Aparatlarının (PUA) istifadəsi sahəsində Azərbaycan Ordusunun qazandığı təcrübə bu gün dost və müttəfiq ölkələrlə fəal şəkildə bölüşdürülür. “Tərlan-2025” təlimləri də məhz bu istiqamətdə atılan mühüm addımlardan biridir. Bu genişmiqyaslı təlimlər Azərbaycan və Qazaxıstan ordularının döyüş hazırlığını daha da artırmaqla yanaşı, birgə əməliyyatların həyata keçirilməsi zamanı koordinasiya və qarşılıqlı fəaliyyət imkanlarının təkmilləşdirilməsinə xidmət edir. Təlimlər çərçivəsində Azərbaycan özünün həm yerli istehsal, həm də xarici tərəfdaşlardan əldə etdiyi hərbi texnologiyaları, xüsusən də PUA imkanlarını Qazaxıstan Silahlı Qüvvələrinə nümayiş etdirib. Bu isə regional təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir”.

Ə. Verdiyevn sözlərinə görə, təlimlərdə döyüş əməliyyatlarının ssenarilərinə uyğun olaraq PUA-ların müxtəlif tapşırıqları icra olunub. Yerüstü hədəflərin aşkar edilməsi, izlənməsi və dəqiq zərbələrlə sıradan çıxarılması kimi fəaliyyətlər sınaqdan keçirilib:
 “Bu proses bir tərəfdən hər iki ölkənin hərbiçiləri arasında təcrübə mübadiləsini təmin edirsə, digər tərəfdən yeni texnologiyaların operativ şəraitdə effektivliyini yoxlamağa imkan yaradır. 44 günlük müharibədə əldə olunan bu bacarıqların bölgədəki digər müttəfiqlərlə bölüşdürülməsi Azərbaycanın regional və beynəlxalq təhlükəsizlik arxitekturasında mühüm rol oynadığını göstərir. Eyni zamanda, bu təlimlər Azərbaycanın hərbi sənaye kompleksinin də inkişaf etdiyini və artıq regional təhlükəsizlik üzrə bilik və texnologiya ixracatçısına çevrildiyini sübut edir. Müasir dövrdə yalnız silahlanma ilə deyil, həm də ortaq manevr bacarığı, komanda-nəzarət sistemlərinin uyğunlaşdırılması və çevik reaksiya qabiliyyəti ilə güclü ordu formalaşdırmaq mümkündür. Bu baxımdan “Tərlan-2025” kimi təlimlər yalnız taktiki səviyyədə deyil, strateji baxımdan da vacibdir. Onlar iştirakçı ölkələrin orduları arasında inamı möhkəmləndirir, əməliyyat planlaşdırmasında uyğunluq yaradır və ortaq təhlükəsizlik maraqlarına xidmət edir. Eyni zamanda bu cür birgə hərbi təlimlər, Cənubi Qafqaz və Orta Asiya regionlarında sabitliyin qorunmasına, kənar təhdidlərə qarşı ortaq müdafiə strategiyalarının formalaşdırılmasına zəmin yaradır”.

Ə. Verdiyevin sözlərinə görə, “Tərlan-2025” təlimləri Azərbaycanın hərbi sahədəki liderliyini və dost ölkələrlə əməkdaşlıqda təşəbbüskar mövqeyini bir daha nümayiş etdirir:
 “Bu təlimlər yalnız texniki və taktiki imkanların nümayişi deyil, həm də hərbi diplomatiyanın gücləndirilməsi baxımından önəmlidir. Azərbaycan və Qazaxıstan arasında hərbi əlaqələrin bu səviyyədə inkişafı regionda sülh, sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir”.
Chosen
26
1
sherg.az

2Sources