EN

Əhalinin dərman xərcləri hər il olduğu kimi artıb: İllik göstəricinin yenə milyard manatı keçəcəyi şübhəsizdir

ain.az, Bizimyol saytına istinadən bildirir.

Əhalinin dərman və tibbi ləvazimat xərclərinin ilbəil artması yaxşı tendensiya sayıla bilməz. İlk beş ayın statistikası 600 milyon manata yaxın xərcləndiyini göstərir. Son illər yalnız artım müşahidə edilir. İlin sonuna qədər göstəricinin milyard manatı keçəcəyi şübhəsizdir. Hələ 1,5 milyard manata çatması da mümkündür.

Bizimyol.info xəbər verir ki, keçən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artım var. Qonşu ölkələrlə müqayisə edəndə də bizdə artımın xeyli yüksək olması diqqət çəkir.

Artımın iki səbəbi ola bilər. Birincisi, insanların dərman preparatlarına və tibbi ləvazimatlara tələbinin çoxalması mümkündür. Amma ehtiyacın kəskin artması da heç müşahidə edilməyib. Hər halda hesabat dövründə qeyri-adi canlanma hiss olunmayıb. İkinci versiya daha ağlabatandır. Qiymətlər çox yüksəlib. Bu sahədəki inhisar, preparatların dəyərindən çox baha satılması rəqəmlərdə özünü göstərir.

Əvvəlki illərin göstəriciləri ümumi mənzərəyə daha yaxşı güzgü tutur. Aşkar görünür ki, qiymətlərin kəskin artması xərclərin belə “şişməsində” əsas rol oynayıb. Məsələn, pandemiya küləklərinin hələ də əsdiyi 2021-ci ildə ümumi xərclər heç 770 milyon manata çatmırdı. İndi isə əhali 6-7 ay ərzində dərmana bu qədər xərcləyir.

Keçən ilin avqustunda yanvar-iyul dövrünə aid əhalinin əczaçılıq məhsullarına və tibbi ləvazimatların alışına xərcləri ilə bağlı statistika təqdim olunmuşdu. Məlum olmuşdu ki, ümumi vəsait 735 milyon manatı keçib. Halbuki 2020-ci ildə cəmi 383 milyon manat xərclənmişdi. Yəni iki dəfəyə yaxın artım var. Daha iki ay sonra keçənilkindən bir qədər də yüksək göstərici görəcəyik. Buna heç şübhəniz olmasın.

Son beş ildə qiymətlər iki dəfədən çox artıb. Bunun başqa izahı ola bilməz. İnsanlar çox çarəsiz vəziyyətdədir. Bu sahədə inhisara son qoymaq, uyğun mexanizm formalaşdırmaq lazımdır. Əhalinin taqəti qalmayıb.

Aytən, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
27
bizimyol.info

1Sources